1xeber.media xəbər verir ki, Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda təhlükəsizlik məsələləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün gündəliyi müzakirə ediləcək.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazirin sözlərinə görə, yaxın günlərdə Əbu-Dabidə keçirilməsi gözlənilən danışıqlarda təhlükəsizlik məsələlərinə, etimadın möhkəmləndirilməsi tədbirlərinə və iki ölkə liderinin mümkün görüşünün gündəliyinə diqqət yetiriləcək.
Daha əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Qriqori Karasin Rusiyanın Əbu-Dabidə keçiriləcək danışıqlara hazırlaşdığını bildirmişdi. O, üçtərəfli görüşün sülh nizamlanması istiqamətində yeni mərhələnin başlanmasına şərait yarada biləcəyini istisna etməyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl üçtərəfli danışıqların əsas məqsədinin sülh razılaşmasından sonra Ukrayna və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə etmək olduğunu açıqlamışdı.