Вернуться назад Распечатать

Rusiya danışıqlardan gözləntiləri açıqladı

1xeber.media xəbər verir ki, Rusiya ilə Ukrayna arasında qarşıdan gələn danışıqların ən müsbət nəticəsi müzakirə olunacaq məsələlərin vahid siyahısının razılaşdırılması ola bilər.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı və politoloq Aleksandr Asafov “Lenta.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflərin müzakirə mövzularının ümumi siyahısı üzərində razılığa gəlməsi belə ciddi irəliləyiş hesab edilə bilər. Deputat danışıqlardan həddindən artıq yüksək nəticələr gözləməyin düzgün olmadığını vurğulayıb.

Asafov qeyd edib ki, Qərb mediasında görüşlə bağlı müxtəlif gözləntilər formalaşdırılır. Lakin əvvəlcədən danışıqların texniki xarakter daşıyacağı bildirilib. O, liderlər səviyyəsində görüşün keçirilməsi üçün əvvəlcədən uzunmüddətli hazırlıq işlərinin aparılmasının vacibliyini qeyd edib.

Deputat əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın nikbin açıqlamalarına baxmayaraq, əvvəlki danışıqların təcrübəsi ehtiyatlı yanaşma tələb edir.

Onun fikrincə, görüşdə iştirak etməyən Ukrayna nümayəndələri və onları dəstəkləyən Avropa ölkələri danışıqların gedişinə kənardan təsir göstərməyə çalışa bilərlər.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır.