1xeber.media xəbər verir ki, amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask Ukraynaya “Starlink” terminalları ilə yardım göstərilməsini səhv addım kimi qiymətləndirən məqaləni paylaşıb.
Mask bu paylaşımı Ukrayna Prezidenti Volodimir Zelenskinin ona yönəlmiş tənqidlərindən sonra “X” sosial şəbəkəsində edib.
Paylaşılan məqalədə bildirilir ki, “SpaceX” müharibənin ilk dövrlərində Ukraynaya minlərlə pulsuz “Starlink” terminalı göndərib və aylıq milyonlarla dollar dəyərində internet xidmətini ödənişsiz təqdim edib. Müəlliflər geriyə baxdıqda bu yardımın səhv qərar olduğunu iddia ediblər.
Məqalədə qeyd olunur ki, əvvəlcə mülki əhalinin internetə çıxışını təmin etmək məqsədilə göstərilən yardım sonradan pilotsuz uçuş aparatlarının idarə edilməsində də istifadə olunub. Həmçinin sistemin hərbi məqsədlərlə istifadəsinə qarşı çıxan şəxslərin mediada tənqid olunduğu vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Zelenski Maskı Avropa və Ukraynanın siyasətinə müdaxilə etməkdə ittiham edərək tənqid etmişdi. Ukrayna liderinin sözlərinə görə, başqa ölkənin vətəndaşı olan Maskın bu regionların siyasətinə təsir göstərmək hüququ yoxdur.