Son illər Bakıda mənzil sahibi olmaq insanlar üçün demək olar ki, əlçatmaz bir hədəfə çevrilib. Belə ki, paytaxtda mənzillərin bir kvadratmetrinin qiymətinin əksər ərazilərdə 2-4 min manat arasında təklif olunduğu, kommersiya banklarının ipoteka kreditləri üzrə illik faiz dərəcələrinin isə 15-18 faizə çatdığı bir şəraitdə insanların bir çoxu dövlətin güzəştli mənzil proqramına qoşularaq ev arzularını reallaşdırmağa çalışırlar.
1xeber.media xəbər verir ki,"AzPolitika" bu istiqamətdə güzəştli mənzil proqramının şərtlərini, müraciət qaydalarını və proqramın digər ipoteka kreditləri ilə arasındakı fərqi araşdırıb.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri çərçivəsində vətəndaşlara illik 4 faiz, zəmanətli kreditlərdə isə 3,7 faizlə ipoteka imkanı yaradılır. Kreditin müddəti 30 ilədək, maksimum məbləği isə 100 min manatdır. İlk baxışdan kifayət qədər əlverişli görünən bu şərtlərdən isə yalnız müəyyən kateqoriyadan olan şəxslər yararlana bilər.
Xatırladaq ki, 2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin əsas vəzifəsi aztəminatlı və orta gəlirli vətəndaşlar, eləcə də gənc ailələr üçün güzəştli şərtlərlə mənzillərin inşasını təşkil etməkdir. Vətəndaş MİDA-nın inşa etdiyi binalardan mənzil seçir, onun alınması üçün nəzərdə tutulan kredit isə müvəkkil bank vasitəsilə rəsmiləşdirilir. Güzəştli ipotekanın cəlbedici tərəfi, qeyd etdiyimiz kimi, digər kreditlərlə müqayisədə faiz dərəcəsinin aşağı olmasıdır.
Müqayisə üçün qeyd edək ki, adi dövlət ipotekasında maksimum kredit məbləği 150 min manat, müddət 25 il, illik faiz dərəcəsi isə 7-8 faizdir. Kommersiya banklarının öz vəsaitləri hesabına təqdim etdiyi ipoteka kreditlərində faizlər isə daha yüksəkdir – 15-18 faiz.
Aylıq ödənişlərdəki fərq də kifayət qədər böyükdür. Belə ki, 100 min manatlıq kredit illik 4 faizlə 30 il müddətinə götürüldükdə aylıq ödəniş təxminən 477 manat təşkil edir. Eyni məbləğdə kredit 8 faizlə 25 il müddətinə götürüldükdə bu rəqəm 772 manata, 15 faizlə isə 1281 manata yüksəlir. Başqa sözlə, güzəştli ipotekadan yararlanan vətəndaş kommersiya kreditindən istifadə edən şəxslə müqayisədə hər ay təxminən 800 manat daha az ödəniş edir.
Ancaq əsas qaranlıq qalan məqamlardan biri odur ki, 100 min manatlıq kredit Bakıda mənzil almaq üçün nə dərəcədə kifayətdir?
Paytaxtda mənzil qiymətlərinin səviyyəsini nəzərə alsaq, bu məbləğ bütün mənzil seçimlərini əhatə etmir. Üstəlik, ilkin ödəniş üçün də vətəndaşın müəyyən məbləğdə şəxsi vəsaiti olmalıdır. Başqa bir məqam isə proqramın əsas məhdudiyyətidir: o, hamı üçün nəzərdə tutulmayıb.
Güzəştli ipoteka almaq hüququ qanunvericiliklə müəyyən edilmiş kateqoriyalara şamil olunur. Bu hüquqdan yaş və ailə vəziyyətindən asılı olmayaraq, elmlər doktorları, dövlət qulluğunda azı 15 il çalışanlar, hərbi xidmətdə 3 ildən artıq xidmət etmiş hərbi qulluqçular, hüquq-mühafizə orqanlarında 3 ildən artıq işləyənlər, dövlət təhsil müəssisələrində 15 ildən artıq çalışan müəllimlər və 15 ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər yararlana bilərlər. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlilləri də güzəştli ipoteka hüququna malikdirlər.
Gənc ailələr üçün isə ayrıca şərtlər müəyyən edilib. Bu kateqoriyaya hər iki tərəfin yaşı 35-dən çox olmayan ailələr daxildir. Onlar arasında dövlət qulluğunda azı 3 il çalışanlar, müəyyən iş stajına malik müəllimlər və jurnalistlər, elmi dərəcəsi olan şəxslər, məcburi köçkünlər, şəhid ailələrinin üzvləri və xüsusi nailiyyətləri olan idmançılar yer alır.
Digər mühüm məhdudiyyət isə odur ki, bu hüquqdan yalnız bir dəfə istifadə etmək mümkündür.
Həmçinin vətəndaşın güzəştli ipoteka almaq hüququnun olması bankın krediti mütləq təsdiqləyəcəyi demək deyil. Banklar müraciət edən şəxsin gəlirlərini, kredit tarixçəsini və aylıq ödəniş imkanlarını da qiymətləndirirlər. Məsələn, bankın tələblərinə əsasən, aylıq kredit ödənişi borcalanın son 12 ay üzrə orta aylıq gəlirinin 70 faizindən çox olmamalıdır. Bundan əlavə, mənzilin yerləşdiyi əraziyə görə ailə üzvü başına düşən gəlirlə bağlı da tələblər mövcuddur. Bakı, Sumqayıt, Xırdalan və Abşeron ərazisində mənzil almaq istəyənlər üçün bu göstərici yaşayış minimumunun azı 50 faizi, digər regionlarda isə 25 faizi səviyyəsində olmalıdır. Yəni güzəşt hüququ olan, lakin kifayət qədər rəsmi gəliri olmayan vətəndaşın kredit əldə etməsi bəzən mümkün olmaya bilər.
Qeyd edək ki, güzəştli mənzil əldə etmək istəyən şəxslər ilk növbədə elektron imza vasitəsinə malik olmalıdırlar. Daha sonra MİDA-nın “Güzəştli Mənzil” elektron sistemində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmaq və güzəşt hüququnu təsdiqləyən sənədləri təqdim etmək lazımdır. Hüquq təsdiqləndikdən sonra vətəndaş sistemdə satışa çıxarılan mənzillər arasından seçim edə bilər. Kredit mərhələsində isə İpoteka və Kredit Zəmanət Fondunun elektron sistemi vasitəsilə müvəkkil banklardan birinə müraciət olunur. Bank tələb olunan sənədləri və vətəndaşın ödəmə qabiliyyətini yoxlayır. Kredit təsdiqləndikdən sonra müqavilə rəsmiləşdirilir və mənzil alıcının adına keçirilir.
Qeyd edək ki, güzəştli ipoteka yalnız MİDA layihələrindəki mənzillərə şamil olunur. Başqa tikinti şirkətindən və ya ikinci əl mənzil bazarından ev almaq istəyənlər bu kredit xəttindən istifadə edə bilməzlər.