Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
1xeber.media-nın məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.
Kənddə doğulub boya-başa çatan sakin nəvələrinin xahişi ilə Prezidentlə şəkil çəkdirmək istədiyini bildirib.
Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?
Kişi sakin: Bakıda.
Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?
Kişi sakin: O qədər yaxşı deyildi, 33 ili yola verdik, Allah canını sağ eləsin.
Prezident İlham Əliyev: Hansı işlə məşğul idiniz?
Kişi sakin: Orada da öz maşınımla işləmişəm, “QAZ-53”üm var idi.
Prezident İlham Əliyev: İndi burada yenə sürücü?
Kişi sakin: Sürücülük. Maşının daşını atmışam, gedib.
Prezident İlham Əliyev: Burada nə işlə məşğul olacaqsınız?
Kişi sakin: Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər.