Azərbaycan siyasi elitasının ən təcrübəli simalarından olan, Baş nazirin birinci müavini Yaqub Eyyubov son vaxtlar rəsmi xronikadan tamamilə itib. Dövlət Protokolunun Əsas Qaydalarına uyğun olaraq, Bakıya gələn ali qonaqları adətən məhz o qarşılayardı. Lakin son aylar mənzərə dəyişib.
1xeber.media modern.az-a istinadla xəbər verir ki,müşahidələrə görə, Yaqub Eyyubov sonuncu dəfə bu il iyulun 15-də Slovakiya Prezidentini yola salarkən görünüb. Oktyabrda Bakının ev sahibliyi etdiyi mötəbər AQEM sammitində isə o, diqqətdən tam kənarda qalıb. İsrail, Türkmənistan və Mərkəzi Asiya liderlərini hava limanında Baş nazirin digər müavinləri qarşılayıb.
Sual doğuran bu "yoxa çıxma" noyabrın 4-də Nazirlər Kabinetində keçirilən rəsmi görüşdə daha çox qabardı. Rusiya, Belarus və Özbəkistan rəsmiləri ilə görüşdə Baş nazir Əli Əsədovu birinci müavin deyil, hökumətin yeni siması — Baş nazirin müavini Teymur Musayev müşayiət etdi. Bəs 81 yaşlı Yaqub Eyyubov haradadır?
Əldə edilən məlumatlara görə, Baş nazirin birinci müavini hazırda rəsmi məzuniyyətdədir və bu müddət dekabrda başa çatır. Lakin kulis pıçıldaşmaları onun məzuniyyətdən sonra işə qayıtmayacağını deyir. İddialara görə, gələn ay Yaqub Eyyubov yaşla əlaqədar fəxri təqaüdə yola salınacaq.
Onun boşalacaq birinci müavin postuna isə hazırda müavin olan Samir Şərifovun gətiriləcəyi gözlənilir. Keçmiş səhiyyə naziri Teymur Musayevin bir neçə gün öncə qəfil Baş nazirin müavini təyin edilməsi də məhz bu böyük kadr yerdəyişməsinin ilkin hazırlığı kimi qiymətləndirilir. Hökumətdə kadr islahatlarının növbəti mərhələsi dekabrda bəlli olacaq.