1xeber.media xəbər verir ki, Günəşdə son iki gün ərzində 35-dən çox alışma (partlayış) qeydə alınıb. Bu barədə TASS Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna və Günəş-Yer Fizikası İnstitutuna istinadən məlumat yayıb.
Məlumata görə, Günəşdə alışma aktivliyi sürətlə artıb. Belə ki, ötən gün ərzində kosmik müşahidə vasitələri tərəfindən C sinfindən yuxarı 18 alışma qeydə alınıb. Növbəti günün ilk 12 saatında isə daha 17 belə hadisə baş verib.
Beləliklə, natamam iki gün ərzində qeydə alınan alışmaların ümumi sayı 35-ə çatıb.
Alimlərin açıqlamasında bildirilir ki, Günəşdə aktivliyin artmasına böyük bir günəş ləkələri qrupu səbəb olub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Günəşdə son dörd həftənin ən güclü alışmasının baş verdiyini açıqlamışdı.
Məlumata əsasən, M3.6 sinifli alışma oktyabrın 10-dan bəri qeydə alınan ən güclü hadisə olub.
Alimlər Günəşdə baş verən aktivlik dəyişikliklərini izləməkdə davam edirlər. Güclü günəş alışmaları Yerə çatan zaman radioəlaqə, peyk sistemləri və digər texnoloji vasitələrin fəaliyyətinə təsir göstərə bilər.