Вернуться назад Распечатать

General-leytenant rütbəsi verilən Zaur Rüstəmovun DOSYESİ

 Prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Ali rütbəyə layiq görülən hərbçilərdən biri də general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmovdur. Ona "general-leytenant" hərbi rütbəsi verilib.

1xeber.media-nın məlumatına görə, Zaur Rüstəmov 2024-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavinidir.

Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açıb. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilib. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıdaraq Azərbaycan Respublikası Silahlı qüvvələrinində xidmətə davam edib.

O, əsasən Su-24 və Miq-29 çoxməqsədli qırıcı təyyarələri ilə uçuşlar həyatə keçirib.

 Zaur Rüstəmov xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılıb.

Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib. Azərbaycan Ordusunun və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda MiQ-29 tipli çoxməqsədli qırıcı təyyarə ilə tək şəkildə nümayiş etdirdiyi yüksək manevr fiqurları hər kəsin diqqətini cəlb edib.

Z.Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S.Bayraktarı uçuş zamanı pilot polkovnik Zaur Rüstəmov müşayiət edib. O, həmçinin 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Teknofest festivalında “MiQ-29" qırıcısı ilə iştirak edib və bununla da Azərbaycan Hərbi Hava Qüvvələrini ilk dəfə xarici ölkədə təşkil olunan aviaşouda təmsil edib.

25 iyun 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Zaur Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.

7 noyabr 2024-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.

İngilis, rus, türk dillərini bilir.