Beynəlxalq mexanizmlər sülhü qoruyub saxlamaqda çətinlik çəkir. Qara dəniz və Körfəz regionundakı hadisələr mövcud vəziyyəti açıq şəkildə bizə nümayiş etdirir. Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar təkcə regional sabitliyə təsir etmir, həm də qlobal ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır.
1xeber.media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Vörld Forum 2026" tədbiri çərçivəsində keçirilən "Əlaqələndirmənin yeni geosiyasəti: Dəniz marşrutları, strateji keçid nöqtələri və dəhlizlər" adlı sessiyada çıxışı zamanı deyib.
“Bu maneələr, əslində, daha geniş regional dinamikanın bir hissəsidir. İsrail öz siyasətini genişləndirərək həm Fələstinə, həm də qonşu ölkərə hücumlarını davam etdirir. Buna görə də, regionda sabitliyi təmin etmək və gərginliyin artmasının qarşısını almaq son dərəcə vacibdir. Qlobal iqtisadiyyatın asılı olduğu bu regionun təhlükəsizliyinin təmin edilməsi həyati əhəmiyyət daşıyır”, - XİN başçısı bildirib.
H.Fidan çıxışı zamanı Qara dənizlə bağlı daha bir vacib məqamın diqqətə alınmasını da vurğulayıb:
“Qara dənizdə şahidi olduğumuz kimi, bir dəniz dəhlizi müharibə meydanına, boru kəməri isə təzyiq vasitəsinə çevrilə bilər. Və bütün bunlar yalnız bir dar keçidə görə baş verir. Belə nöqtələrin hər hansı birində yaranan pozulma, minlərlə kilometr uzaqlıqdakı iqtisadiyyatlara təsir göstərə bilər. Belə ssenarilərdə, əlaqələndirmənin özü strateji narahatlıq mənbəyinə çevrilə bilər. Təbii ki, dövlətlər öz məhsullarının təhlükəsizliyini təmin etməyə çalışırlar. Bu çıxış imkanı təhlükə altına düşdükdə, etibarsızlıq mühiti və rəqabətin daha da kəskinləşməsi müşahidə olunur. Biz buna yol verməməliyik”.