Məhz bu səbəbdən 8 Noyabr Zəfər Günü dövlət səviyyəsində əbədiləşdirildi çünki o
gün yalnız bir şəhərin azadlığı deyil, bütöv bir millətin öz tarixi torpaqlarının zirvəsinə
qovuşması günü idi
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən
siyasətində və dövlətçilik fəlsəfəsində qoyulmuşdu. XX əsrin sonlarında müstəqilliyini yenicə
bərpa edən Azərbaycan üçün bu yol həm siyasi müstəqilliyin möhkəmləndirilməsi, həm də
torpaq bütövlüyünün bərpası anlamına gəlirdi. Heydər Əliyevin hakimiyyəti dövründə dövlətin
ideoloji dayaqları, milli ordunun əsası və strateji düşüncə məktəbi formalaşdırıldı.
Azərbaycanın dövlətçilik sistemi elə bu təməllər üzərində quruldu. Gələcəkdə onun hərbi,
iqtisadi və diplomatik gücü Zəfərə gedən yolun əsasını təşkil etdi. O illərdə dövlətin siyasi və
hüquqi sütunlarının möhkəmləndirilməsi, milli ordu quruculuğunun başlanması, beynəlxalq
aləmdə Azərbaycanın suverenliyinin tanıdılması və müdafiəsi üçün atılan addımlar əslində
gələcək Qələbənin təməl mərhələsi idi.
Sonrakı illərdə Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji kursu müasir
dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirdi. Bu, yalnız davamlı siyasət deyil, həm də
məqsədyönlü bir dövlətçilik fəlsəfəsinin praktik təzahürü idi. Prezident İlham Əliyev
hakimiyyətə gəldiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadi gücünü artırmaqla, ordunun
modernləşməsi üçün güclü maliyyə və texnoloji baza yaratmaqla Qarabağ məsələsinin həllinə
real zəmin hazırladı. İqtisadi islahatlar, neft və qaz gəlirlərinin səmərəli idarə olunması,
infrastruktur layihələri və beynəlxalq tərəfdaşlıqlar nəticəsində Azərbaycan qısa zamanda
regionun lider dövləti səviyyəsinə yüksəldi. Ordunun silah-sursatla təminatı, şəxsi heyətin
döyüş qabiliyyətinin artırılması, müasir hərbi idarəetmə sistemlərinin tətbiqi və milli ruhun
gücləndirilməsi istiqamətində ardıcıl siyasət aparıldı.
Bu illər ərzində Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, regional proseslərin
taleyini müəyyən edən dövlətə çevrildi. Məhz bu güc sayəsində Azərbaycan BMT
Təhlükəsizlik Şurasının 30 ilə yaxın icra olunmamış qətnamələrini 2020-ci ildə öz ordusu və
siyasi iradəsi ilə həyata keçirdi. Qarabağ Zəfəri yalnız hərbi əməliyyatların uğuru deyildi, bu,
milli birliyin, dövlət strategiyasının və Prezidentin qətiyyətli liderliyinin məntiqi nəticəsi idi.
Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi, Vətən müharibəsinin mənəvi
dayağına çevrildi. “Dəmir yumruq” ifadəsi artıq yalnız rəmz deyil, dövlət və xalq iradəsinin
birləşmiş gücünün simvoluna çevrildi.
Vətən müharibəsinin gedişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
dəfələrlə bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalardı. Bu fikrin arxasında dərin strateji
məna dayanırdı. Çünki Şuşa təkcə hərbi məqsəd deyil, həm də mənəvi yüksəklik,
Azərbaycanın dövlətçilik yaddaşının, milli kimliyinin simvolu idi. Müharibənin 44 günü ərzində
ordumuz Şuşaya doğru irəliləyərkən bu şəhər həm strateji məqsəd, həm də milli ruhun qayəsi
kimi görülürdü. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı azad etməklə təkcə hərbi
baxımdan üstünlük qazanmadı bu, bütöv xalqın qürurunun bərpası, 30 illik ədalətsizliyin sonu
idi.
Şuşa əməliyyatı müasir hərb tarixinin ən unikal əməliyyatlarından biri kimi
dəyərləndirilir. Azərbaycan əsgəri sıldırım qayalardan, keçilməz meşələrdən keçərək, dar
yollarla irəliləyərək düşməni Qarabağın döyünən qəlbindən iti qovan kimi qovdu. Bu əməliyyat
ordunun yüksək döyüş ruhunu, hərbi peşəkarlığını və rəhbərliyin strateji zəkasını nümayiş
etdirdi. Şuşanın azad edilməsi ilə Azərbaycan Qələbənin zirvəsinə çatdı və bu zəfərin memarı,
Ulu Öndərin başladığı işi məntiqi sonluğa çatdıran Prezident İlham Əliyev oldu. Məhz bu
səbəbdən 8 Noyabr Zəfər Günü dövlət səviyyəsində əbədiləşdirildi. Çünki o gün yalnız bir
şəhərin azadlığı deyil, bütöv bir millətin öz tarixi torpaqlarınnı zirvəsinə qovuşması günü idi.
Bəzi beynəlxalq dairələr və analitiklər 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli
Bəyanatdan sonra status-kvonun dəyişməz qalacağını zənn edirdilər. Lakin hadisələrin
sonrakı inkişafı göstərdi ki, Azərbaycan qətiyyətindən dönmür. 2023-cü ilin sentyabrında
Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbiri bir daha sübut etdi ki,
Azərbaycan öz suverenliyini tam təmin etmək əzmindədir. Cəmi 23 saat 48 dəqiqə davam
edən əməliyyat nəticəsində Qarabağda separatçı qurumun qalıqları birdəfəlik məhv edildi. Bu
hadisə çağdaş tariximizdə Prezident İlham Əliyevin siyasi iradəsinin və dövlətin strateji
planlaşdırma qabiliyyətinin parlaq göstəricisidir. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində,
legitim şəkildə apardığı bu əməliyyat regionda yeni reallıq yaratdı və Ermənistanı sülh
gündəliyinə yönəlməyə məcbur etdi.
Azad Şuşa bu gün Azərbaycanın bərpa və dirçəliş simvoluna çevrilib. Qalib dövlətin
mədəniyyət paytaxtı olan bu qədim şəhər yeni həyatın, milli dirçəlişin nəfəsini daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə salınan 101 kilometrlik Zəfər yolu təkcə fiziki nəqliyyat
əlaqəsi deyil bu yol Azərbaycanın iradə və inad yoludur. Şuşaya gedən bu yol bir millətin
tarixə, ədalətə və kimliyinə dönüş yoludur. Burada hər bir tikinti, hər bir bərpa işinin arxasında
siyasi məna dayanır.
2021-ci ildə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, daha
sonra 2022-ci ilin “Şuşa İli”, 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə
“İslam dünyasının mədəniyyət paytaxtı”, 2026-cı ildə isə “İqtisadi Əməkdaşlıq Təşkilatının
turizm paytaxtı” kimi elan olunması göstərir ki, Şuşa artıq beynəlxalq səviyyədə mədəni
diplomatiyanın, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Bu ardıcıl uğurlar
Azərbaycanın yumşaq güc siyasətinin uğurlu nəticəsidir.
Şuşanın gələcəyi isə artıq şəhərin 2040-cı ilədək alan dövrü əhatə edən Baş planında
öz əksini tapıb. Nazirlər Kabinetinin təsdiq etdiyi Baş plan şəhərin ekoloji tarazlığını qorumaqla
yanaşı, müasir urbanist yanaşmanı özündə birləşdirir. Tarixi abidələrin qorunması, turizm
infrastrukturunun inkişafı, sosial xidmətlərin əlçatan olması və yaşıl şəhər konsepsiyasına
uyğun bərpa işləri aparılır. Bu, təkcə şəhərsalma planı deyil — dövlətin strateji baxışının,
gələcək nəsillərə yönəlmiş milli vizyonunun göstəricisidir.
Şuşa bu gün yalnız bərpa olunan bir şəhər deyil, həm də Azərbaycanın gələcək inkişaf
fəlsəfəsinin mərkəzinə çevrilib. Burada dövlətin, xalqın və mədəniyyətin birləşdiyi yeni mərhələ
başlayıb. Bərpa olunan hər bina, qaldırılan hər bayraq, açılan hər küçə təkcə fiziki
yenidənqurma deyil, həm də mənəvi intibahın təcəssümüdür. Qədim Şuşa artıq Azərbaycanın
deyil, bütün Türk dünyasının, İslam mədəniyyətinin və bəşəri irsin paytaxtıdır.
Bu Zəfər həm də gələcəyə mesajdır. Azərbaycan dövlətçiliyi tarixə yalnız qələbələrlə
deyil, həm də ədalət və dirçəliş fəlsəfəsi ilə yazılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu
gün Azərbaycanın müasir inkişaf modeli suverenliyin, milli həmrəyliyin və güclü idarəetmənin
birliyinə əsaslanır. Şuşa Zəfəri bu modelin ən parlaq sübutudur.
Şuşa ötən 5 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında yalnız azad olunmuş
şəhər deyil, yenidən doğulmuş Azərbaycan mədəniyyətinin, dövlət iradəsinin və türk birliyinin
rəmzinə çevrilib.
Müzəffər Ali Baş Komandanın Şuşaya hər səfəri əslində bir mərhələnin yekunu, növbəti
inkişaf dövrünün başlanğıcı olub. İlk səfərlərdə dağıdılmış şəhərin yaralarını görən Prezident
qısa müddət ərzində həmin yerləri həyatla dolu mərkəzlərə çevirdi. Şuşada bayrağın
ucaldılması ilə başlayan bu yol bu gün bərpa olunmuş məscidlər, açılan məktəblər, muzeylər,
mehmanxanalar, yaradıcılıq mərkəzləri, konfranslar və beynəlxalq tədbirlərlə zəngin bir
həyatın təntənəsinə çevrilib. Hər səfər yeni bir layihənin açılışı, bir mədəniyyət abidəsinin
dirçəlişi, bir beynəlxalq həmrəyliyin nümayişi ilə yadda qalıb. Bu şəhər artıq yalnız tarixin deyil,
gələcəyin də paytaxtına çevrilib, Azərbaycanın qələbəsinin, sülhün və mənəvi yüksəlişinin
simvolu olub.
Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar