Вернуться назад Распечатать

Binəqədidə Zəfər Gününün altıncı ildönümü qeyd olundu

Binəqədi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Vətən müharibəsində Şanlı Qələbəmizin altıncı ildönümünə həsr olunmuş 8 Noyabr– “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı ümumrayon tədbiri keçirilib.

1xeber.media xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavini, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının zabit və əsgər heyəti, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, məktəbəqədər və orta ümumtəhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Şanlı Qələbəmizə həsr olunan videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə təbrik nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 8 Noyabr–Zəfər Gününün altıncı ildönümü münasibətilə hər bir kəsi təbrik edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözlərində Qarabağın mütləq azad ediləcəyi inamının ifadə edildiyi duyulurdu.

Bu sözlərlərlə bizi çoxdan gözlədiyimiz Zəfərə doğru aparan yolun yeni mərhələsinin əsası qoyulmuş oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir.

Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını Şanlı Qələbəmizin altı illiyi, 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi.

Növbəti çıxış edən millət vəkili Kəmaləddin Qafarov çıxışında qeyd etdi ki, xalqımız bu möhtəşəm Zəfəri birliyin, qətiyyətin və dövlətçilik ruhunun nəticəsində əldə etdi. Qazanılan Qələbə yalnız hərbin deyil, milli iradənin, ölkə rəhbərinin müdrik siyasətinin və xalqın birliyinin nəticəsidir. Azad Qarabağda bu gün ucalan hər bina, açılan hər məktəb, çəkilən yollar o möhtəşəm günlərin davamıdır. Biz fəxr edirik ki, bu Zəfər xalqımıza məxsusdur və bu Qələbənin işığı gələcək nəsillərin yolunu daim nurlandıracaqdır. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan şəhidlərimizi dərin ehtiram hissi ilə anır, qazilərimizə şəfa diləyir, rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə minnətdarlığımızı bildiririk.


Şəhid valideynləri adından çıxış edən Vətən müharibəsi şəhidi Teymur Zeynalovun atası Tağı Zeynalov çıxışında vurğuladı ki, düz altı ildir ki, o günün, o anın, o hadisənin möhtəşəmliyini, əzəmətini, sevincini, qürurunu doya-doya, içimizə, ruhumuza çəkə-çəkə yaşayırıq…

Vətən sevdalısı oğullarımızın – minlərlə şəhidimizin, minlərlə qəhrəman qazimizin, minlərlə igid əsgərimizin sayəsində azad oldu Ana Vətən! Dişləri, dırnaqları ilə torpaqlarımızı murdar erməni caynağından qoparan, azad edən oğullarımız bununla da dünya hərb tarixində yeniliyə imza atıblar. 

Tağı Zeynalov şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirib.

Növbəti çıxış edən Vətən müharibəsi qazisi Şəhriyar İbrahimli çıxışında qeyd etdi ki, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu elə bir tarix yazdı ki, bu tarix bütöv bir millətin milli qeyrət nümunəsinə çevrilib.

44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut edib. Azərbaycan tarixi torpaqlarına-Qarabağa qovuşdu, tarixi Zəfərə imza atıb. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında qeyd etdi ki, 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur və olunmaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şanlı Qələbəsi sayəsində Yer üzərində uzun sürən münaqişələrdən biri öz həllini tapdı. Azərbaycan haqqa, ədalətə çatmağın yolunu göstərdi. Xalqımızın apardığı haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir.  8 Noyabr tarixi daim tarixdə qızıl hərflərlə və əbədiyyən qalacaqdır.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri-Nəzakət Teymurovanın, Faiq Ağayevin, Azərbaycan Respublikasının əməkdar artisti Lalə Məmmədovanın, gənc istedadlı müğənnilər-Samirə Rəcəblinin, Zəminə Rəhimovanın, Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səsləndi, “Gənclik” rəqs ansamblının ifasında “Vətən” kompozisiyası nümayiş edildi.

Tədbirin sonunda iştirakçılar böyük atəşfəşanlığı seyr etdilər.