Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş silsilə bayram tədbirləri keçirilmişdir. Tədbirlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etmişlər.
1xeber.media xəbər verir ki,tədbir iştirakçıları əvvəlcə Sabirabad Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarının önünə gül-çiçək dəstələri düzmüş və şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş, onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmış, müharibə əlilləri və iştirakçılarına can sağlığı, uzun ömür arzulamışdır.
Daha sonra bayram tədbiri Sabirabad rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə davam etmişdir. Konsertdən əvvəl Mədəniyyət Mərkəzinin foyesində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sərgi nümayiş etdirilmişdir. Sərgidə Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Sabirabadlıların hər birinin portreti hazırlanmış, onların həyat və döyüş yolu, göstərdikləri qəhrəmanlıq haqqında məlumatlar verilmişdir. Sərgi rayon sakinləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Sonra “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş konsert proqramı təqdim edilmişdir. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik ruhunda mahnılar, muğam və təsniflər səsləndirilmişdir.
Konsert proqramında “Vətən oğlu”, “Qurban olum Azərbaycan”, “Azərbaycanım”, “Prezidentim” kimi musiqi nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Konsert Muğam musabiqəsinin qalibi Abgül Mirzəliyevin ifasında “Yaşa mənim xalqım” adlı kompozisiyanın səsləndirilməsi ilə yekunlaşıb.










