ABŞ Prezidenti Donald Trampla vitse-prezident Cey Devid Vens arasında ictimaiyyət qarşısında fikir ayrılıqları müşahidə olunsa da, onlar pərdəarxasında İranla müharibənin dayandırılması istiqamətində birgə çalışırlar.
1xeber.media xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Vens son iki həftə ərzində Tehranla aparılan dolayı danışıqlarda şəxsən iştirak edir. Danışıqların əsas məqsədi yeni atəşkəs razılaşmasına nail olmaq və nüvə proqramı ilə bağlı müzakirələri yenidən başlatmaqdır.
Nəşrin məlumatına görə, vitse-prezident demək olar ki, hər gün Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani, Pakistan ordusunun rəhbəri Asim Munir və digər vasitəçilərlə əlaqə saxlayır.
Danışıqlara, həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner də qoşulublar.
Bildirilir ki, təxminən iki həftə əvvəl Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək birbaşa danışıqların bərpasını təklif edib. İran rəsmiləri bu addımın diplomatik səylərə yeni təkan verdiyini bildiriblər. Tərəflər artıq danışıqlar aparan nümayəndələrin mümkün görüşünü də müzakirə edirlər.
Nəşr yazır ki, Vensin prosesdə fəal iştirakı onun ABŞ-ı, fikrincə, Respublikaçılar Partiyasının aralıq seçkilərdə ağır məğlubiyyətinə səbəb olmuş münaqişədən çıxarmaq vəzifəsini üzərinə götürdüyünü göstərir. Bundan əlavə, bu iştirak hazırkı dolayı danışıqları ABŞ administrasiyasında ən yüksək səviyyəyə qaldırır:
“Tramp isə diplomatik səylərə fürsət verməyə qərar verib. O, ABŞ-ın İranla danışıqlar apardığını təsdiqləyib və Qətər əmiri ilə vasitəçilik məsələsini şəxsən müzakirə edib.
Bununla belə, Tramp İrana qarşı hərbi təzyiq siyasətindən də imtina etmir”.