Вернуться назад Распечатать

Bayrağımüz qürurumuz və fəxrimizdir

Dövlətimizin üçrəngli  bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir.
Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə
ehtiramla yanaşıblar.  Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab
edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması  həm dövlətimiz, həm də
xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa
bir nəzər salmaq imkanıdır.
Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz
baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.
Dövlət bayrağı gününün qeyd olunması  Azərbaycan Xalq C ümhuriyyətinin tarixi ilə
bağlıdır.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın
9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz
yalnız 2 il yaşayıb və  1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.
70 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli
bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq
imkanı əldə etdik. 17 noyabr 1990–cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə
üçrəngli bayrağımız  Naxçıvan Ali Məclisinin qərarı ilə  Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət
bayrağı kimi qəbul olundu.
 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.
Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.
Təbii ki,  müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə
qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz
bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan
etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da
daim zirvələrdə dalğalanacaq.
30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda – Şuşada,
Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır. Nəhayət ki,
2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi,
Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su
anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı.
Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır
və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu
iftixarımız əbədi olsun!
Aydın Veysəlov,
Sabirabad rayonu Əhmədabad kənd tam orta məktəbinin direktoru