Вернуться назад Распечатать

Ukraynada yeni qoşun növü yaradılır: Kosmik Qüvvələrin formalaşdırılması dəstəklənib

1xeber.media xəbər verir ki, Ukrayna Ali Radası Silahlı Qüvvələrin tərkibində yeni qoşun növünün – Kosmik Qüvvələrin yaradılmasını nəzərdə tutan qanun layihəsini ilk oxunuşda dəstəkləyib.

Ukrayna parlamentinin rəsmi məlumatına görə, 9 noyabr tarixində keçirilən səsvermədə 252 deputat qanun layihəsinin lehinə səs verib.

13255 nömrəli qanun layihəsi Ukrayna Silahlı Qüvvələrinin strukturuna dəyişiklik edilməsini və Kosmik Qüvvələrin ayrıca qoşun növü kimi formalaşdırılmasını nəzərdə tutur.

Layihənin əsas məqsədi ölkənin müdafiə imkanlarını gücləndirmək, kosmik texnologiyaların hərbi sahədə tətbiqini genişləndirmək və raket hücumları barədə erkən xəbərdarlıq sisteminin yaradılmasına hüquqi zəmin hazırlamaqdır.

Sənəddə həmçinin Ukraynanın kosmik sahədə müstəqil imkanlarının inkişaf etdirilməsi və müdafiə texnologiyalarının gücləndirilməsi məsələləri əksini tapıb.

Qeyd edək ki, qanun layihəsi 2025-ci ilin may ayında parlamentə təqdim edilib. Onun qəbul edilməsi Ukrayna Silahlı Qüvvələrinin strukturunda yeni istiqamətin formalaşdırılmasına imkan verə bilər.

Hazırda sənəd ilk oxunuşda dəstəklənib. Qanunun yekun qəbul edilməsi üçün növbəti parlament prosedurları həyata keçirilməlidir.