Ötən gündən başlayaraq respublikanın şimal-qərb bölgəsində qeyri-sabit, yağmurlu hava şəraiti hökm sürür. Axşam saatlarından etibarən yağış qarla əvəz olunub, dağlıq və dağətəyi yaşayış məntəqələrinə ilk qar düşüb. Yağan qar əkinçilər və taxılçılar tərəfindən böyük sevinclə qarşılansa da, dağlıq ərazidə yerləşən Kiş kəndində bir sıra təsərrüfatlarda fəsadlara və kommunikasiya xətlərində zədələnməyə yol açıb. Ağaclar yarpaqlarını hələ tam tökmədiyindən, qarın ağırlığına tab gətirməyən iri budaqlar elektrik və internet xətlərinin üzərinə aşıb.
Şəki rayonunda qarın ən intensiv yağdığı yaşayış məntəqələrindən biri Kiş kəndidir. Kənd sakinləri vurğulayırlar ki, son 10 ildə ilk dəfədir noyabr ayının ilk ongünlüyündə bölgəyə bu qədər qar yağır. Tezdən düşən qar xüsusilə barı yetişməkdə olan meyvə bağlarına, o cümlədən xurma ağaclarına təsir edib, məhsulun bir hissəsi qarın altında qalıb.
Kiş kənd sakini Əfsər Seyfullayevin sözlərinə görə, havanın kəskin soyuması və intensiv yağıntı səbəbindən kəndin işıq və internet təminatında müvəqqəti fasilələr yaranıb. Sakinlər bildirirlər ki, hazırda kəndin aşağı hissələrində qarın qalınlığı 5–7 santimetr təşkil etdiyi halda, yüksəkliklərdə və dağətəyi massivlərdə 20–25 santimetrə çatır.




