1xeber.media xəbər verir ki, "Politico" nəşrinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Moskvanı Ukraynadakı münaqişənin həllinə yönəlmiş danışıqlarda Avropa təmsilçilərinin tam iştirakına razı salmağa çalışırlar.
ABŞ rəsmilərindən biri bildirib: "Danışıqlar masası arxasında Avropanın da olmasını istəyirik... Məhz buna görə də, bu üçtərəfli görüşdən sonrakı müzakirələrə avropalıları da cəlb etməyi təklif edirik".
"Politico"nun məlumatına görə, Vaşinqton ümid edir ki, Əbu-Dabidə keçiriləcək növbəti görüş Avropa ölkələrinin tam iştirakı olmadan aparılan danışıqların sonuncu mərhələsi olacaq. Bununla belə, qeyd olunur ki, avropalılar tezliklə danışıqlar masası arxasında öz maraqlarını kimin təmsil edəcəyinə qərar verməlidirlər.
Üçtərəfli danışıqların növbəti mərhələsi 10–11 noyabr tarixlərinə planlaşdırılıb. Moskva tərəfindən danışıqlarda Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının iki idarəsini təmsil edən İqor Kostyukov və Yuri Jiqarlovski iştirak edəcəklər.
Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı qarşıdan gələn danışıqların əsas diqqət mərkəzini açıqlayaraq bildirib ki, müzakirələrin başlıca mövzusu münaqişə tərəfləri üçün təhlükəsizlik zəmanətləri olacaq.