Вернуться назад Распечатать

Bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır

 

Tarixi Zəfərimizdən bizləri dörd illik zaman ayırır. 44 günlük Vətən müharibəsi
dövründə yaşananlar, işğalçı Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarının
açıqlanması, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının seyrçi
və laqeyd münasibətləri münaqişənin həlli prosesinin 30 il  uzanmasına işıq saldı.  Bu
fakt inkaredilməzdir ki, həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət
bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq
Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin
danışıqlar vasitəsilə həllinə çalışdı.  BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə
acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT
Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan
ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qaldı və icra
olunmadı.  Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları
müharibəni qaçılmaz etdi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr 2020-ci ildə
Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan
üçtərəfli Bəyanatın imzalanmasından sonra xalqa müraciətində vurğulandığı kimi, 
sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm
ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi: “Mən Ermənistan baş
nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə
oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec
olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə
etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq
konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq
nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin.
Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı
özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib.
Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!”
Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni
zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin
dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin
əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi,
yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın
sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin 
prioriteti və strateji hədəfi idi. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və
məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Ermənistan bu müddət ərzində işğal
altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə
infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi
ziyan vurmuşdur. 2020-ci il 27 sentyabrda Ermənistanın Noyemberyan rayonunun
Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və
adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal
altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy
və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulmuşdur.  Ermənistan silahlı qüvvələrinin döyüş
aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə
Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-
hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət
ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir
yumruğunu, birliyini və gücünü nümayiş etdirdi.

Tarixi Zəfərimizdən üç il sonra isə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa
edildi. Müstəqillik tariximizə növbəti Zəfər səhifəsi yazıldı. Dövlət başçısı İlham Əliyevin
qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına,
o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə gerçəkləşdirdiyi 16 noyabr 2020-ci tarixli
səfəri ilə Böyük Qayıdışa xidmət edən ilk quruculuq tədbirləri başladı. Dastana çevrilən
Şuşa əməliyyatının aparılmasına bələdçilik  edən  Füzulu- Şuşa yolu Zəfər yolu
adlandırıldı və təməli qoyuldu. Bu yol qısa zamanda tikilib istifadəyə verildi. Bu
torpaqlarda aparılan, sadalamaqla bitməyən bərpa-quruculuq işləri Azərbaycanın malik
olduğu imkanların təqdimatıdır. İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini
abidələrimizin bərpası işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etməliyik. 
Dövlət başçısı İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
“Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi.
Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bərpa-quruculuq işləri
başa çatacaq, bu torpaqlarımıza qayıdan sakinlərimiz onlara yeni nəfəs verərək
ölkəmizin dayanıqlı inkişafına dəstək olacaqlar.  
Tarixi Zəfərimizin 4 illiyində, həmçinin 9 Noyabr-Dövlət Bayrağı Günündə bir
daha keçilən yola, qazandığımız uğurlara nəzər salır, xalqımızın yenilməzliyi,
məğrurluğu ilə qürur duyuruq.  Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il
17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi
haqqında” Sərəncamı ilə təsis edildi. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu
Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin
bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad
etdi. Dövlət Bayrağı Gününə ən böyük müjdə 2020-ci ildə verildi. Prezident İlham Əliyev
2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın
Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində
Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28
ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8
noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Bu tarix Zəfər Günü kimi təsis
edildi.
Əfsər Əzizov,
Sabirabad RİH başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri
şöbəsi, Sosial-iqtisadi məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş
məsləhətçisi (əhali ilə görüşün təşkilatçısı)