
1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 10-da axşam saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən birinin lideri ilə ikitərəfli görüş keçirə bilər.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib. Onun sözlərini RİA Novosti agentliyi yayıb.
Peskov bildirib ki, Moskva sammitində iştirak etmək üçün Rusiyaya gələcək dövlət başçıları ilə ikitərəfli görüşlərin keçirilməsi ehtimalı istisna olunmur.
“Biz istisna etmirik ki, Prezident Putin bu gün axşam saatlarında sammitə gələn liderlərdən biri ilə ikitərəfli görüş keçirə bilər”, – deyə Kremlin sözçüsü qeyd edib.
Peskovun sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası noyabrın 11-də Moskvada keçiriləcək. O, həmçinin Putinin digər işgüzar tədbirlərinin ictimaiyyət üçün açıq olmayacağını bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri ilə əlaqədar Moskvada keçiriləcək KTMT sammitində iştirak etməyəcəyi məlum olub.
Bundan başqa, noyabrın 10-da səhər saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenko işgüzar səfərlə Moskvaya gəlib.
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Ermənistan təşkilatın üzvü olsa da, fəaliyyətində iştirakını dayandırıb.