Qış mövsümü ərəfəsində rayon qaz xidmət sahələrində sayğac çatışmazlığı yaranıb.
1xeber.media xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı özünün Facebook səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, artıq bir aydan çoxdur ki, “Azəriqaz” İstehsalat Birliyinin rayon qaz xidmət sahələrinin anbarlarında, demək olar ki, qaz sayğacları qalmayıb:
“Qış fəslinin yaxınlaşdığı, əhali abonentlərinin qaz təchizatına tələbatının artdığı bir dövrdə işlək vəziyyətdə olmayan, nasaz və kiplik problemi olan qaz sayğaclarının yeniləri ilə əvəzlənməsi zərurəti daha da aktuallaşır. Lakin təəssüf ki, bu məsələ hələ də öz həllini tapmayıb.
Burada haqlı sual yaranır: Ölkədə Gəncə Cihazqayırma Zavodu kimi istehsal müəssisəsi mövcud olduğu halda, Azəriqaz İB nə üçün qaz sayğaclarının tədarükü məsələsində həmin zavodun istehsal imkanlarından yetərincə istifadə etmir?
Məsələnin daha maraqlı tərəfi isə ondan ibarətdir ki, son dörd il ərzində Gəncə Cihazqayırma Zavodu tam gücü ilə fəaliyyət göstərərək Azəriqaz İB-nin sayğac tələbatının ödənilməsində mühüm rol oynayıb və qurumu 500 mindən artıq qaz sayğacı ilə təmin edib. Həmin sayğacların istismar göstəricilərinə əsasən, nasazlıq ehtimalının cəmi 0,05 faiz səviyyəsində olduğu bildirilir.
Belə olan halda sual yaranır: Yerli istehsal müəssisəsi mövcud olduğu, istehsal və təchizat imkanlarını nümayiş etdirdiyi halda, bu gün rayon qaz xidmət sahələrinin sayğac təminatında yaranmış çatışmazlığın səbəbi nədir?
Qış mövsümü ərəfəsində bu məsələnin təxirəsalınmadan həll edilməsi həm abonentlərin narahatlığının aradan qaldırılması, həm də qaz təchizatında yarana biləcək problemlərin qarşısının alınması baxımından vacibdir”