Вернуться назад Распечатать

KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?

 Azərbaycanda ev təsərrüfatlarının uçotu zamanı vətəndaşların məşğulluq vəziyyəti, iqtisadi fəallığı və aldıqları sosial ödənişlər barədə məlumatlar daha detallı şəkildə qeydə alınacaq. Yeni dəyişikliklərə əsasən, şəxsin işləyib-işləməməsi, hansı sahədə fəaliyyət göstərməsi, iqtisadi cəhətdən fəal və ya qeyri-fəal olması, eləcə də hansı növ sosial ödənişlər alması ayrıca uçota götürüləcək. Bununla bağlı ev təsərrüfatlarının uçotu ilə əlaqədar şəxsi hesablarda qeydlərin aparılması qaydalarında dəyişiklik edilib.

Yeni qaydalara əsasən, ev təsərrüfatlarının üzvləri barədə məlumatlar toplanarkən onların məşğulluq statusu da müəyyənləşdiriləcək. Yəni şəxsin muzdlu işçi, sahibkar və ya digər fəaliyyətlə məşğul olması, eləcə də çalışdığı iqtisadi fəaliyyət sahəsi barədə məlumatlar qeydə alınacaq. İqtisadi cəhətdən qeyri-fəal əhali ilə bağlı məlumatların toplanmasına da xüsusi yer ayrılıb. Bu kateqoriyaya tələbələr, pensiyaçılar, əmlakından gəlir əldə edənlər, ev təsərrüfatı və ailə üzvlərinə qulluqla məşğul olanlar, işləməyə ehtiyacı və ya istəyi olmayan şəxslər və digər qruplar daxil ediləcək.

Bununla yanaşı, vətəndaşların əldə etdiyi sosial ödənişlərin növləri də ayrıca göstəriləcək. Belə ki, əmək pensiyası, sosial müavinət, Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ünvanlı dövlət sosial yardımı və digər sosial ödənişlər barədə məlumatlar uçota alınacaq.

Dəyişikliklər fonunda ortaya çıxan əsas suallardan biri iqtisadi cəhətdən qeyri-fəal hesab edilən şəxslərlə bağlı məlumatların hansı məqsədlə toplanması və bunun onların sosial vəziyyətinə necə təsir göstərə biləcəyidir.

1xeber.media xəbər verir ki,məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli "AzPolitika"ya açıqlamasında bildirib ki, yeni qaydalar mahiyyət etibarilə vətəndaşların vəziyyətində hər hansı dəyişiklik yaratmır. Söhbət mövcud məlumatların daha dəqiq uçotunun aparılmasından və statistikanın təkmilləşdirilməsindən gedir.

İqtisadçının sözlərinə görə, işləməyən hər bir şəxsin avtomatik olaraq işsiz hesab edilməsi düzgün yanaşma deyil. Çünki işsiz statusunun müəyyənləşdirilməsi üçün konkret meyarlar mövcuddur.

X. Kərimli qeyd edib ki, şəxsin işsiz hesab olunması üçün onun sadəcə iş yerinin olmaması kifayət etmir: "Bununla yanaşı, həmin şəxs aktiv şəkildə iş axtarmalı, müvafiq məşğulluq qurumunda qeydiyyata alınmalı və ona təklif edilən münasib iş imkanlarından əsassız şəkildə imtina etməməlidir. Təklif olunan işin də şəxsin ixtisasına, bacarığına və digər uyğunluq meyarlarına cavab verməsi vacibdir. Məsələn, bir şəxsin yaşadığı ərazidən və peşə imkanlarından kənar, uyğun olmayan işlə təmin edilməsi məsələsi münasib iş anlayışına daxil edilə bilməz".

İqtisadçının sözlərinə görə, bu səbəbdən işləməyən şəxslərin hamısını işsiz kimi təsnifləşdirmək mümkün deyil: "Tələbə, pensiyaçı, ailə üzvlərinə qulluq edən və ya ümumiyyətlə işləmək istəməyən şəxslərin iqtisadi fəallıq baxımından ayrıca qruplaşdırılması statistik mənzərənin düzgün formalaşdırılması üçün əhəmiyyətlidir. Bu məlumatlar dövlətə əmək ehtiyatlarının strukturunu, əhalinin məşğulluq vəziyyətini və iqtisadi fəallıq səviyyəsini daha yaxşı qiymətləndirməyə imkan verəcək. Toplanan məlumatlar gələcəkdə məşğulluq siyasətinin müəyyənləşdirilməsi və müvafiq qərarların qəbulunda da istifadə oluna bilər".

Qeyd edək ki, yeni uçot qaydaları 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.