Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) yeni baş katibi Mirvohid Azimovu qəbul edib.
1xeber.media xəbər verir ki, görüş zamanı noyabrın 11-dən vəzifəsinin icrasına başlayacaq TDT-nin yeni baş katibinin qarşısında duran prioritet vəzifələr, Özbəkistanla təşkilat arasında çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və onun daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Həmçinin 2027-ci ildə Özbəkistanda keçirilməsi planlaşdırılan TDT sammitinə hazırlıq, tədbirin yüksək təşkilati səviyyədə və məzmun baxımından zəngin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Şavkat Mirziyoyev Mirvohid Azimovu məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona TDT-nin baş katibi kimi fəaliyyətində uğurlar və səmərəli nəticələr arzulayıb.