Вернуться назад Распечатать

"Bələdiyyələrin borclarını silmək mümkün deyil" - Nazirdən deputata cavab

Milli Məclisin 4 komitəsinin iclasında çıxış edən deputat Siyavuş Novruzov maliyyə naziri Sahil Babayevə müraciət edərək bələdiyyələrin borclarının silinməsini xahiş edib.

Nazir deputata cavab olara bildirib ki, bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borclarının silinməsi mümkün deyil.

"Sosial sığorta vəsaitləri dövlətin və ya işəgötürənin deyil, vətəndaşların vəsaitidir. Sosial sığorta vəsaitləri vətəndaşın vəsaitidir və onları nə dövlət qərarı ilə bir tərəfli qaydada silmək olar, nə başqa bir addım atıla bilər. Sosial sığorta haqlarının yığılması 2019-cu ildən Vergi Xidməti tərəfindən həyata keçirilir. Vergi orqanları tərəfindən həmin tələblər bələdiyyələrin qarşısına qoyulub ki, bu borclar ödənsin. Çünki bu vəsait vətəndaşın vəsaitidir. Bu vəsaitlər bələdiyyələr tərəfindən ödənməsə, həmin bələdiyyələrdə işləyən işçilərin gələcək pensiyalarına, onların sosial sığorta haqlarından irəli gələn müavinətlərinə təsir edəcək Ona görə də onların ləğv edilməsi, silinməsi əlbəttə ki, mövzu deyil, ola bilməz, bu, vətəndaşın haqqıdır, o vətəndaşın haqqı da ödənməlidir. Onların yaranma səbəblərinə baxılmalıdır, nəyə görə yaranıb? Çünki onun o borcların yaranması birbaşa qanun pozuntusudur. Yəni, bu borcların yaranmasına rəvac verən qurum birbaşa qanun pozuntusu həyata keçirib Sosial sığorta haqqı qanunvericiliyə uyğun olaraq əmək haqqı ödənilən zaman ödənilməlidir. Necə olub ki, bu əmək haqları ödənilib, lakin həmin vətəndaşların sosial sığorta haqları ödənməyib?", - deyə nazir bildirib.