Ev təsərrüfatlarının aktivlərinin statistik uçotu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin dəyişdirilməsi bir-birindən fərqli məsələlərdir. Bu mövzuların eyniləşdirilməsi ictimaiyyətdə yanlış təsəvvür yaradır.
1xeber.media xəbər verir ki, bunu millət vəkili Zahid Oruc 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini açıqlayarkən bildirib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Eyni vaxtda aqrar istehsalçıların gəlir və mənfəət vergisi üzrə mövcud güzəştlərinin dəyişdirilməsi barədə təkliflərin müzakirəsi bu iki mövzunun birlikdə təqdim olunmasına səbəb olub.
Zahid Oruc vurğulayıb ki, statistik uçotun aparılması ev təsərrüfatlarının bütün aktivlərinə vergi tətbiq edilməsi anlamına gəlmir:
“Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanması və gələcəkdə düzgün və ünvanlı sosial siyasət məramına xidmət edir, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır”.
O xatırladıb ki, ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında da ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri mövcuddur.
“İnformasiya boşluğunu şayiələr doldurur”
Zahid Oruc hesab edir ki, “evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi başlıqların yaratdığı narahatlığın məsuliyyətini yalnız sosial medianın üzərinə qoymaq düzgün deyil.
Onun fikrincə, qərarın mahiyyəti, vətəndaşların hüquqları və məlumatların istifadə məqsədləri vaxtında açıqlanmadıqda ictimaiyyətdə suallar yaranır. Bu səbəbdən Dövlət Statistika Komitəsi və aidiyyəti qurumlar əhalini ətraflı məlumatlandırmalıdır.
Vergi daxilolmaları artır, borclar da böyüyür
Büdcənin gəlir mənbələrinə toxunan Zahid Oruc 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz mənbələri hesabına formalaşmasının nəzərdə tutulmasını müsbət qiymətləndirib.
Bununla yanaşı, o, vergi daxilolmalarındakı artımın hansı iqtisadi amillər hesabına təmin ediləcəyinin açıqlanmasını vacib sayıb. Onun təqdim etdiyi rəqəmlərə görə, dövlət büdcəsinin gəlirləri 1,7 faiz artdığı halda, vergi daxilolmalarının 6,5 faiz artırılaraq 22 milyard 786 milyon manata çatdırılması planlaşdırılır.
Zahid Oruc qeyd edib ki, bu artımın yeni istehsal, xidmət və iş yerlərinin yaranması, yaxud mövcud sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin dəyişməsi hesabına formalaşacağı izah edilməlidir.
O, Hesablama Palatasının məlumatlarına istinad edərək bildirib ki, 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcu oktyabrın 1-də 4 milyard 248 milyon manata yüksəlib. Doqquz ayda borcun 939,3 milyon manat, yaxud 28,4 faiz artmasını diqqət tələb edən məsələ adlandırıb.
Zahid Orucun fikrincə, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi ilə bağlı tələblər dövlətə məxsus müəssisələrə də eyni prinsiplərlə tətbiq olunmalıdır.
İcra olunmayan layihələrlə bağlı suallar
Zahid Oruc dövlətin əsaslı vəsait qoyuluşlarının icrasındakı gecikmələrə də diqqət çəkib.
Onun istinad etdiyi təhlilə əsasən, 2026-cı ilin ilk doqquz ayında 26 sifarişçi təşkilatın 76 investisiya layihəsi üçün nəzərdə tutulmuş 295,3 milyon manat vəsait üzrə ödəniş aparılmayıb.
O bildirib ki, məktəb, yol, su və enerji infrastrukturu ilə bağlı layihələrin gecikmə səbəbləri, icra qrafikləri və məsul qurumları barədə aydın məlumat verilməlidir. Bu problemlərin növbəti ilin büdcəsində necə həll ediləcəyi də müzakirə olunmalıdır.
Dağ kəndləri üçün güzəştli kommunal tariflər təklif olunur
Zahid Oruc kəndlərdə əhalinin azalmasının məktəb, tibb məntəqəsi və digər xidmətlərin fəaliyyətinə təsir etdiyini bildirib. Onun fikrincə, belə xidmətlərin saxlanılmasına yalnız rentabellik baxımından yanaşılması kəndlərdən köçü daha da sürətləndirə bilər.
O, yüksək dağlıq və sərhədyanı ərazilərdə yaşayan ailələrin kommunal xərclərinə fərqli yanaşılmasını təklif edib. Bildirib ki, bəzi kəndlərdə evlərin yeddi-səkkiz ay qızdırılması zərurəti yaranır, lakin fərqli iqlim şəraitinə baxmayaraq eyni istehlak limitləri tətbiq olunur.
“Belə ərazilərdə qaz və elektrik üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə isə güzəştli tariflərin tətbiqini təklif edirik”, – deyə Zahid Oruc vurğulayıb.
O, həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün iqlim və məsafə nəzərə alınmaqla əlavə ödəniş əmsallarının müəyyənləşdirilməsini də məqsədəuyğun sayıb.
Zahid Oruc sərhəd və dağ kəndlərində məskunlaşmanın gücləndirilməsi üzrə dövlət proqramının qəbulunun bölgələrin inkişafına və paytaxta əhali axınının azalmasına töhfə verə biləcəyini bildirib.