Вернуться назад Распечатать

BAKI YAĞIŞ SINAĞINDAN UĞURLA ÇIXIR: SİSTEMLİ İŞİN NƏTİCƏSİ GÖRÜNÜR!

Bakıda intensiv yağışlar zamanı küçə və prospektlərdə suyun yığılması, drenaj sistemlərinin yüklənməsi, nəqliyyatın hərəkətində çətinliklərin yaranması uzun müddət aktual problemlərdən biri olub. Lakin son günlər müşahidə olunan mənzərə bu istiqamətdə müsbət dəyişikliklərin artıq real nəticə verdiyini göstərir.

1xeber.media xəbər verir ki,intensiv yağıntılara baxmayaraq, şəhərin küçə və prospektlərində ciddi su yığıntılarının, nəqliyyatın hərəkətini iflic edən gölməçələrin yaranmaması yağış sularının qəbulu, ötürülməsi və kənarlaşdırılması mexanizmlərinin daha səmərəli işlədiyinin göstəricisidir.

Ən vacib məqam isə budur ki, bu mənzərəni birdəfəlik uğurlu əməliyyatın nəticəsi kimi deyil, son dövrlər su təsərrüfatı infrastrukturunun təkmilləşdirilməsi, drenaj və kanalizasiya sistemlərinin yenilənməsi, istismar mexanizmlərinin gücləndirilməsi istiqamətində aparılan ardıcıl işlərin nəticəsi kimi qiymətləndirmək lazımdır.

Bakıda kanalizasiya və yağış sularının idarə olunması infrastrukturunun müasirləşdirilməsi istiqamətində layihələr hələ davam edir. Bu proses tam başa çatmadan belə müsbət nəticələrin müşahidə olunması gələcək üçün nikbin gözləntiləri daha da artırır.

Aydındır ki, qarşıda görüləsi işlər, həllini gözləyən məsələlər var. Lakin indiki nəticə düzgün istiqamətdə irəliləyişin, sistemli yanaşmanın və institusional idarəetmənin əhəmiyyətini təsdiqləyir.

Şəhərin yağış sularından qorunması təkcə texniki məsələ deyil, həm də şəhər təsərrüfatının idarə edilməsinin keyfiyyət göstəricisidir. Bu baxımdan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini, həyata keçirilən işləri təqdirəlayiq hesab etmək olar.