Noyabrın 12-də səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin zərbəsindən sonra Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın “Obşestvennoye” nəşri Telegram kanalında məlumat yayıb.
Məlumata görə, partlayışlar barədə xəbər Moskva vaxtı ilə saat 09:30-da yayılıb. Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Kiyev su anbarı istiqamətindən şəhərə doğru Rusiya ordusuna məxsus reaktiv pilotsuz uçuş aparatının yaxınlaşdığını bildirmişdi.
Hadisə ilə əlaqədar paytaxtda hava hücumu xəbərdarlığı elan olunub.
Məlumat yayılan vaxt zərbənin endirildiyi ərazi və mümkün dağıntılar barədə əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, noyabrın 12-nə keçən gecə də Kiyev güclü raket hücumuna məruz qalıb. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna üçün “uzun gecə” olacağı barədə xəbərdarlıq etmişdi. Bununla belə, qurum Rusiya ordusunun gecə ərzində həyata keçirəcəyi əməliyyatların detalları barədə məlumat verməmişdi.