Вернуться назад Распечатать

Rusiya XİN-i Əbu-Dabi danışıqlarının mühüm detallarını açıqlayıb

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda mümkün razılaşmaların davamlılığının təmin edilməsi məsələsini müzakirə ediblər. Tərəflər bu məqsədlə Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması imkanlarını da nəzərdən keçiriblər.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə açıqlamasında bildirib.

Diplomat hazırda tərəflər arasında etimadın bərpasından danışmağın düzgün olmadığını qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd real imkanları nəzərə alaraq, nəzarətdən çıxan eskalasiyanın qarşısını almaq və işlək mexanizmlər formalaşdırmaqdır.

Ryabkov vurğulayıb ki, lazımi siyasi iradə olduğu təqdirdə bu istiqamətdə müəyyən nəticələr əldə etmək mümkündür.

Qeyd edək ki, daha əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Əbu-Dabi danışıqlarında Rusiya, ABŞ və Ukraynanın münaqişənin həlli və Avropanın gələcək təhlükəsizlik sistemi ilə bağlı mövqelərini bölüşdüyünü açıqlamışdı. Onun sözlərinə görə, bəzi məsələlər üzrə tərəflər arasında anlaşma əldə olunub, lakin bir sıra mövzularda fikir ayrılıqları qalır.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Avropada gələcək təhlükəsizlik arxitekturasının dəqiq parametrlərinin müəyyənləşdirilməsini və bundan sonra Ukrayna böhranının həllinin müzakirə olunmasını məqsədəuyğun hesab edib. Lavrov münaqişənin yaranmasına görə Kiyevi və Qərb ölkələrini ittiham edib.