Noyabrın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Kənarmeşə, Seyidəkəran və Şilim kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib.
1xeber.media xəbər verir ki, tədbirdə ŞİH aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
İcra başçısı əvvəlki səyyar görüş zamanı irəli sürülən müraciətlərin yerinə yetirilmə vəziyyətinə toxunub və bildirib ki, yerli icra strukturunun səlahiyyətləri daxilində olan bütün obyektiv qaldırılan məsələlər həll olunub. Digər müraciətlərlə bağlı isə yuxarı dövlət orqanlarına rəsmi müraciətlər göndərilib və nəticələr barədə sakinlər məlumatlandırılıb. Taleh Qaraşov vətəndaşların qaldırdığı hər bir məsələni şəxsən nəzarətdə saxladığını diqqətə çatdırıb. ŞİH başçısı qeyd edib ki, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı gücləndirmək üçün müraciətlərə baxılmasında şəffaflığın artırılması əsas prioritetlərdəndir. Onun sözlərinə görə, rəqəmsal dövlət xidmətlərinin əlçatanlığı çərçivəsində statusundan asılı olmayaraq hər bir vətəndaş "myGov" platforması vasitəsilə dövlət qurumlarına müraciətlərini daha rahat ünvanlaya, şəxsi məlumatlarını izləyə və rəqəmsal sənədlərindən operativ istifadə edə bilər. Bu cür yeniliklər vətəndaşların vaxtına qənaət etməklə yanaşı, xidmətlərin göstərilməsində operativliyi təmin edir.
Görüşdə regionda kənd təsərrüfatının müasir metodlarla inkişaf etdirilməsi, aqrar sahədə məhsuldarlığın artırılması məsələlərinə də toxunulub, innovativ suvarma sistemlərinin tətbiqi və torpaqların şorlaşmaya qarşı qorunması üçün yeni texnologiyaların cəlb edilməsinin vacibliyi vurğulanıb.
Açıq dialoq və səmimi şəraitdə baş tutan qəbuldan yerli sakinlər böyük məmnunluq duyduqlarını ifadə ediblər. Vətəndaşlar problemlərin çevik həllinə göstərilən obyektiv yanaşmaya, məmurlarla birbaşa ünsiyyət imkanının yaradılmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



