Вернуться назад Распечатать

Rusiyaya uçan təyyarə texniki nasazlıq səbəbindən Misirə qayıdıb

Misirdən Rusiyaya uçan “Almasria Universal Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi mümkün texniki nasazlıq şübhəsi səbəbindən uçuş etdiyi hava limanına geri dönüb.

1xeber.media xəbər verir ki, bu barədə “TourDom” portalı sərnişinlərdən birinə istinadən məlumat yayıb.

Məlumata görə, Hurqada-Moskva reysinin noyabrın 11-də yerli vaxtla saat 17:10-da (Moskva vaxtı ilə 18:10) həyata keçirilməsi planlaşdırılıb. Airbus A320 tipli təyyarə təxminən bir saat yarım gecikmə ilə havaya qalxıb. Lakin uçuşdan yarım saat sonra pilot sərnişinlərə təyyarənin Misirə geri qayıdacağını bildirib.

Sərnişinlərdən birinin sözlərinə görə, Hurqada hava limanına enişdən sonra onlar təxminən üç saat təyyarənin göyərtəsində gözləməli olublar. Ekipaj üzvləri yaranmış problemin təyyarənin elektron sistemləri ilə bağlı olduğunu bildiriblər.

“İnna Tur” şirkətinin rəhbəri və “AlMasria Universal Airlines” aviaşirkətinin Rusiyadakı baş agenti İnna Beltyukova hadisə ilə bağlı açıqlamasında bildirib ki, ekipaj komandiri mümkün texniki nasazlıq riskini aşkar etdikdən sonra ehtiyat tədbiri olaraq geri qayıtmaq qərarına gəlib.

Onun sözlərinə görə, təyyarənin təhlükəsizliyini təmin etmək məqsədilə belə qərar qəbul edilib.

Nəticədə təyyarə Moskva istiqamətində təkrar uçuşunu yalnız yerli vaxtla saat 23:00-da (Moskva vaxtı ilə 00:00) həyata keçirib. Təyyarə noyabrın 12-də səhər saat 05:12-də Moskvanın Şeremetyevo hava limanına eniş edib.