Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın vətəninə qayıtmağa hazırlaşdığı bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 12-də Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistan hökuməti hələ yay aylarında Rusiyadakı səfirin dəyişdirilməsi barədə qərar qəbul edib. Lakin onun yerinə yeni namizədin təyin edilməsi prosesi uzandığından Arsenyan bir müddət də vəzifəsini icra etməyə davam edib.
Qəzetin yazdığına görə, hazırda diplomat ölkəni tərk etməyə hazırlaşır və şəxsi əşyalarını toplamaqla məşğuldur.
Nəşr diplomatın yaxın dostlarına istinadən bildirir ki, Arsenyan səfirlikdəki dövlət əmlakından istifadə etməyib. Ermənistandan özü ilə gətirdiyi və ya şəxsi vəsaiti hesabına aldığı əşyaları isə özü ilə aparır.
Qeyd edək ki, Qurgen Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunub. Ermənistan tərəfi onun geri çağırılması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.