Вернуться назад Распечатать

XRİTDX Naxçıvanda təlim keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri üçün informasiya təhlükəsizliyi risklərinin idarə olunmasına həsr olunmuş təlim keçirilib.

1xeber.media xəbər verir ki, təlimin məqsədi Naxçıvanda dövlət qurumlarının informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyətinin qiymətləndirilməsi, informasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi  və idarə olunması, eləcə də risklər reyestrinin formalaşdırılması üzrə praktiki biliklərin artırılması və qurumlara metodiki dəstəyin göstərilməsi olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş nitqi ilə açan XRİTDX-nin rəis müavini general-leytenant Allahverən İsmayılov  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2025-ci il tarixli 411 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nın tələbləri və dövlət qurumlarının qarşısında duran vəzifələr barədə tədbir iştirakçılarının diqqətinə çatdırıb.

A. İsmayılov bildirib ki, Qərara əsasən dövlət qurumları altı ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrini formalaşdırmalı, mövcud təhdid və zəiflikləri müəyyən etməli, risklərin azaldılması üzrə konkret tədbirləri, məsul şəxsləri və icra müddətlərini müəyyənləşdirməli idirlər.

Təlim çərçivəsində dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında mövcud vəziyyət və aşkar edilən çatışmazlıqlar da ətraflı müzakirə olunub.

Çıxışlarda əsas prioritetin informasiya aktivlərinin qorunması, risklərin düzgün qiymətləndirilməsi və onların aradan qaldırılması üzrə sistemli tədbirlərin görülməsi olduğu bildirilib.

Həmçinin çıxışlarda XRİTDX-nin “Təhdidlər və həllər” kataloqunun yenilənməsi və dövlət qurumlarının formalaşdırdığı risklər reyestrlərinin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətindəki vəzifələr barədə məlumat verilib.

XRİTDX dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi, risklərin idarə olunmasında sistemli yanaşmanın formalaşdırılması və normativ tələblərin icrasının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.