ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundunun keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
O, noyabrın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən sonra CNN telekanalına bildirib ki, tərəflər danışıqlar prosesində irəliləyiş əldə ediblər və yeni görüşün vaxtını razılaşdırıblar.
Uitkoff növbəti danışıqlarda Avropa nümayəndələrinin də iştirak edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Avropa ABŞ-ın tərəfdaşıdır və danışıqlarda təmsil olunması vacibdir.
ABŞ prezidentinin kürəkəni Cared Kuşner isə Putinlə müzakirələrin bütün məsələləri əhatə edən ətraflı söhbət olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 12-də Putin, Uitkoff və Kuşner arasında keçirilən görüşdə Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidə baş tutmuş son danışıqlarının nəticələri, humanitar məsələlər və Ukrayna münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunub.