Вернуться назад Распечатать

Azərbaycanda sahibkar qadınların sayı açıqlandı

"İqtisadi artımın yaratdığı imkanların cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması dayanıqlı inkişafın mühüm şərtidir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məşğulluğun artırılmasında mühüm amildir. Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən çoxdur. Təsisçisi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən çoxdur, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 minə yaxındır".

1xeber.media xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında 500-ə yaxın qadın sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 22 milyon manatdan çox güzəştli kredit verilib:

"Vəsaitlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye məhsullarının istehsalı, akvakultura, turizm və xidmət sahələrindəki layihələrə yönəldilib. Qadın sahibkarlar ənənəvi xidmətlərlə yanaşı, istehsal və emal sahələrinə, əlavə dəyər yaradan fəaliyyətə daha çox maraq göstərirlər. Bu layihələrin əhəmiyyətli hissəsinin regionlarda reallaşması yerli məşğulluğa və regionların iqtisadi canlanmasına töhfə verir".