Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.
1xeber.media bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, "Şahtaxtı" gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Almaniyaya "meyvə şirəsi və enerji içkisi" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib, eyni zamanda bəzi qutuların xarici görünüşlərinin digərlərindən fərqlənməsi üçün yandırılaraq işarələndiyi məlum olub.
Kinoloji xidmət itinin təbiqi ilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 ədəd şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye olduğu müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin apardığı tədqiqat nəticəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən həmin butulkalardakı maddənin maye halında xalis təmiz çəkisi 29 kiloqram 485,111 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin olduğu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.