Вернуться назад Распечатать

15 minlik gül, 45 minlik içki, 55 minlik maaş – Keçmiş enerji rəhbəri ilə bağlı məhkəmədə şok iddialar

 3,7 milyonluq cinayət işi, aylıq 55 min maaş, 2,4 milyonluq mülk qalmaqalı və ölkəni qaranlığa qərq edən qəza – Keçmiş enerji rəhbəri yenidən qalmaqalın mərkəzində
Azərbaycanın enerji sektoruna 17 il rəhbərlik etmiş “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin adı yenidən məhkəmə salonlarında səslənir. Onunla əlaqələndirilən “Azenco” ASC-nin sabiq rəhbəri Vüqar Əliyevin məhkəməsində üzə çıxan faktlar illərdir müzakirə olunan korrupsiya və maraqlar toqquşması iddialarını yenidən gündəmə gətirib.
Aylıq 55 min manat maaş və “şef” iddiası
Noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Nurlan Məmmədov bildirib ki, Etibar Pirverdiyev “Azenco”da məsləhətçi kimi çalışaraq aylıq 55 min manat (ildə 660 min manat) əməkhaqqı alıb. Təqsirləndirilən Vüqar Əliyev isə şirkətdə Pirverdiyevi “şef” adlandırdıqlarını, əsas qərarları onun verdiyini və xarici tərəfdaşlarla danışıqları məhz onun apardığını iddia edib. Hələlik bu iddialar məhkəmə sübutları ilə təsdiqlənməyib.
3,7 milyonluq mənimsəmə, 15 min manatlıq gül və 44 900 manatlıq içki
Təxminən 3,7 milyon manatlıq mənimsəmədə ittiham olunan Vüqar Əliyev ittihamı qəbul etmir və şirkətin faktiki sahibi kimi Pirverdiyevin şahid kimi dindirilməsini tələb edir. Prosesdə “Azenco”nun hazırkı rəhbəri Pərviz Hacıyev hesabatlarda bir gündə 15 min manatlıq gül və 44 900 manatlıq içki alınması kimi xərclərin aşkarlandığını açıqlayıb. Müdafiə tərəfi bu xərclərdə də Pirverdiyevin rolunun araşdırılmasını istəyir. Qeyd edək ki, Pirverdiyevin bu işdə təqsirləndirilən şəxs olması barədə rəsmi məlumat yoxdur. Növbəti açıq iclas noyabrın 16-da keçiriləcək.
Deputatın ittihamları, 2,4 milyonluq mülk və Bayraq Meydanı
Pirverdiyevin adı əvvəllər də bir neçə qalmaqalda hallanıb
2012-ci il: Deputat Çingiz Qənizadə “Azərenerji”–“Azenco” müqavilələrində korrupsiya və su elektrik stansiyası layihəsinin müddətinin uzadılaraq əlavə büdcə vəsaiti ayrılması iddiası ilə prokurorluğa müraciət tələb etmişdi.
2014-cü il: Mətbuatda Bakının Nərimanov rayonunda 2,4 milyon manatlıq dördmərtəbəli mülkün Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdiyevanın adına alındığı, lakin sənəddə qiymətin 800 min manat göstərildiyi, eləcə də qohumlarının tenderlərə cəlb olunduğu iddia edilmişdi
2015-ci il: Dövlət Bayrağı Meydanı ətrafındakı cinayət işində “Azİmport”un sahibi Rəşad Məmmədov istintaqda Pirverdiyevə qarşı ifadə vermişdi (“Azenco” Bayraq Meydanı və “Baku Crystal Hall”ın podratçısı olub). Lakin bu işlərin heç biri üzrə Pirverdiyev barəsində məhkəmə hökmü olmayıb.
2018-ci il qəzası və xarici tenderlər
2018-ci ilin iyulunda Mingəçevir İES-də baş verən və ölkəni qaranlığa qərq edən qəzadan sonra Dövlət Komissiyası “Azərenerji”də ciddi nöqsanlar aşkarladı və sentyabrın 4-də Pirverdiyev vəzifəsindən azad edildi. Buna baxmayaraq, 2025-ci ilin dekabrında “Azenco”nun Rumıniyada 106 milyon avroluq su elektrik stansiyası tenderinə namizəd olması sabiq məmurun biznes əlaqələrinin şəffaflığı sualını yenidən aktuallaşdırdı.
İndi ictimaiyyəti bir əsas sual düşündürür: “Azərenerji”nin 2001–2018-ci illərdə bağladığı iri müqavilələr tam audit olunubmu və Pirverdiyevin “Azenco”dakı faktiki roluna hüquqi qiymət veriləcəkmi?
Musavat.com