Вернуться назад Распечатать

ANAMA sədrinin müavini məhkəməyə verilir –GENERALIN QIZINDAN İDDİA

 Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim olunub.

1xeber.media Gununsesi.info-ya istinadla xəbər verir ki,ərizəçi Türkər Əliyeva dövlət məmurunu böhtan, təhqir, hədə-qorxu və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.

Şikayət ərizəsində bildirilir ki, Türkər Əliyeva Abşeron rayonu ərazisində yerləşən 10 hektar 20 sot torpaq sahəsini satmaq niyyətində olub. Onun sözlərinə görə, torpağın satış qiyməti Ceyhun Rzayevlə razılaşma əsasında 1 milyon 500 min manat müəyyən edilib. Rzayevin bu razılaşma çərçivəsində ilkin ödəniş olaraq hissə-hissə 380 min manat verdiyi iddia olunur.

Ərizədə qeyd edilir ki, tərəflərin razılaşmasına əsasən, torpağın mülkiyyət sənədləri hazır olduqdan sonra Ceyhun Rzayev həm Badamdar qəsəbəsində yerləşən bağ evini təhvil verməli, həm də qalan ödənişi həyata keçirməli imiş.

Lakin sonradan tərəflər arasında mübahisə yaranıb. Türkər Əliyeva iddia edir ki, Ceyhun Rzayev torpağın ilkin sahibi Züleyxa Müşteyidzadəyə təsir göstərərək onunla bağlanmış razılaşmanı pozmağa və torpaq sahəsini birbaşa özünə satmağa çalışıb.

Şikayətçinin digər iddiasına görə, Ceyhun Rzayev onu uydurma cinayət işi açdırmaq və həbs etdirmək hədəsi ilə təhdid edib, həmçinin yaxınlarına və tanışlarına zəng edərək onun barəsində şərəf və ləyaqətini alçaldan məlumatlar yayıb.

Dörd azyaşlı övladını təkbaşına böyütdüyünü bildirən Türkər Əliyeva bu hərəkətlərin ona ciddi mənəvi və psixoloji zərər vurduğunu qeyd edib.

Ərizəçi Ceyhun Rzayevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb olunmasını istəyir. Eyni zamanda, hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə iddialarına hüquqi qiymət verilməsi üçün materialların Baş Prokurorluğa göndərilməsini xahiş edir.

Qeyd edək ki, tərəflər arasında uzun müddətdir əmlak mübahisəsi davam edir. Noyabrın 12-də Sumqayıt Şəhər Prokurorluğu tərəfindən saxlanılan Türkər Əliyeva sonradan məhkəmənin qərarı ilə sərbəst buraxılıb.