Вернуться назад Распечатать

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

 Prezident İlham Əliyevin noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropanın siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sammitin nəticələri göstərir ki, Azərbaycan artıq Avropa üçün yalnız enerji təchizatçısı və tranzit ölkə deyil, regional sabitlik, strateji bağlantılar və çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır.

“Avropa-güclü, təhlükəsiz və əlaqəli” devizi altında keçirilən toplantının gündəliyində enerji təhlükəsizliyi, iqtisadi rəqabətqabiliyyətlilik, innovasiyalar, nəqliyyat bağlantıları və regional təhlükəsizlik məsələləri əsas yer tutub. Avropa İttifaqı Şurasının rəsmi məlumatında da bu istiqamətlər qitənin gələcək dayanıqlılığı baxımından prioritet kimi müəyyənləşdirilib. Azərbaycanın həmin sahələrdə artıq həyata keçirdiyi irimiqyaslı layihələr Dublin sammitini Bakı üçün xüsusi siyasi əhəmiyyətə malik platformaya çevirib.

Azərbaycanın artan diplomatik nüfuzu və Avropa ilə münasibətlərdə yeni mərhələ

Prezident İlham Əliyevin Dublin sammiti çərçivəsində keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər Azərbaycanın beynəlxalq siyasi çəkisinin artmasının praktik təzahürüdür. Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Ermənistanın Baş naziri Nikol Paşinyan, Bolqarıstanın Baş naziri Rumen Radev, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Çexiyanın Baş naziri Andrey Babiş, Rumıniya Prezidenti Nikuşor Dan, Litva Prezidenti Gitanas Nauseda, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə təmaslar Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin geniş coğrafiyasını nümayiş etdirir.

Bu diplomatik fəallığın mühüm xüsusiyyəti əlaqələrin yalnız protokol xarakteri daşımaması, konkret siyasi və iqtisadi maraqlara əsaslanmasıdır. Avropa dövlətləri Azərbaycanla münasibətlərə enerji təminatı, regional təhlükəsizlik, nəqliyyat şəbəkələrinin şaxələndirilməsi və yeni investisiya imkanları prizmasından yanaşırlar.

Prezident İlham Əliyevin Davos, Münxen və digər beynəlxalq platformalarda keçirdiyi yüksəksəviyyəli görüşlər də bu prosesin davamlı xarakter daşıdığını göstərir. Bir sıra təmasların qarşı tərəfin təşəbbüsü əsasında təşkil olunması Bakının diplomatik imkanlarının və Azərbaycan rəhbərliyi ilə birbaşa dialoqa marağın artmasının göstəricisi kimi qiymətləndirilə bilər.

Son iki ildə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının digər yüksəkvəzifəli təmsilçilərinin Azərbaycanla intensiv təmasları münasibətlərin institusional səviyyədə inkişafını nümayiş etdirir.

Dublində Antonio Koştanın Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət etməsi bu dialoqun davam etdirilməsinə verilən əhəmiyyətin konkret göstəricisidir.

Sammit çərçivəsində Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi isə ayrıca siyasi nəticədir. Otuz ildən artıq enerji əməkdaşlığına əsaslanan münasibətlərin süni intellekt, yüksək texnologiyalar, bərpaolunan enerji və investisiyalar kimi istiqamətləri də əhatə etməsi Azərbaycanın tərəfdaşlıq modelinin keyfiyyətcə genişləndiyini göstərir.

Enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri: Azərbaycanın geoiqtisadi gücünün əsasları

Dublin sammitinin gündəliyi Azərbaycanın beynəlxalq əhəmiyyətini müəyyənləşdirən strateji üstünlüklərlə birbaşa səslənir. Xüsusilə Avropanın enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirmək səyləri fonunda Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi ön plana çıxır.

Prezident İlham Əliyevin sammit çərçivəsində keçirilən dəyirmi masada açıqladığı məlumatlara görə, Azərbaycan 2022-ci ildən Avropa İttifaqına qaz tədarükünü illik 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırıb. Hazırda ölkəmiz Aİ-nin 10 üzv dövlətini təbii qazla təmin edir. Dövlət başçısı Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının genişləndirilməsinin vacibliyini də xüsusi vurğulayıb.

Bu rəqəmlər Azərbaycan-Aİ enerji tərəfdaşlığının 2022-ci ildə imzalanmış strateji memorandumdan konkret nəticələrə keçdiyini göstərir. Bununla belə, gələcək artım üçün yeni hasilat layihələri ilə yanaşı, infrastruktur investisiyaları, uzunmüddətli müqavilələr və maliyyələşdirmə mexanizmləri də həlledici əhəmiyyət daşıyır.

Azərbaycanın üstünlüyü yalnız ənənəvi enerji ehtiyatları ilə məhdudlaşmır. Xəzərin külək enerjisi potensialı, günəş elektrik stansiyaları, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizləri və Qara dənizin dibi ilə elektrik kabeli layihəsi ölkəni Avropanın gələcək enerji transformasiyasının iştirakçısına çevirə bilər.

Eyni zamanda, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları Azərbaycanın Avrasiya nəqliyyat sistemində rolunu gücləndirir. Bu marşrutların inkişafı təkcə tranzit gəlirlərinin artması deyil, həm də ölkənin beynəlxalq ticarət zəncirlərində mövqeyinin möhkəmlənməsi deməkdir.

Antonio Koşta ilə Dublin görüşündə Naxçıvan dəmir yolu layihəsinin qiymətləndirilməsi, Orta Dəhlizin inkişafı və bərpaolunan enerjinin Avropa bazarına ixracı məsələlərinin müzakirəsi göstərir ki, Azərbaycanın strateji layihələri artıq Avropa institutlarının konkret əməkdaşlıq gündəliyində yer tutur.

Cənubi Qafqazda sülh və təhlükəsizlik: regional təşəbbüslərin siyasi nəticələri

Azərbaycanın Avropa Siyasi Birliyi çərçivəsində iştirakının mühüm istiqamətlərindən biri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə təqdim edilməsidir. Prezident İlham Əliyevin 2022-ci ildə Praqada, 2023-cü ildə Moldovada, 2024-cü ildə Böyük Britaniyada, 2025-ci ildə Tirana və Kopenhagendə keçirilən sammitlərdə iştirakı bu istiqamətdə ardıcıl diplomatik fəaliyyətin göstəricisidir.

Bu prosesin mahiyyəti Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra regional gündəliyin əsas diqqətini sülh, iqtisadi inteqrasiya və kommunikasiya əlaqələrinin bərpasına yönəltməsidir.

Dublin sammitində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş bu siyasətin davamlılığını nümayiş etdirir. Liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar əsasında sülh prosesini, sərhədlərin delimitasiyasını, iqtisadi-ticarət əlaqələrini, eləcə də TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərini müzakirə ediblər.

Rəsmi məlumata əsasən, Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərin həcmi 105 min tona çatıb. Elektrik şəbəkələrinin birləşdirilməsi və transsərhəd su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlıq da danışıqların mühüm istiqamətlərindən olub.

Bu məqam xüsusi əhəmiyyət daşıyır: Azərbaycan regionda sülhün yalnız siyasi razılaşmalarla deyil, iqtisadi qarşılıqlı maraqların formalaşdırılması ilə dayanıqlı ola biləcəyini nümayiş etdirir.

TRIPP və digər bağlantı layihələrinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin genişlənməsinə, regional ticarətin inkişafına və Cənubi Qafqazın beynəlxalq tranzit şəbəkələrinə daha sıx inteqrasiyasına imkan yarada bilər.

Eyni zamanda, Azərbaycanın Ukraynaya humanitar yardımı, Moldova və Bolqarıstanın enerji təhlükəsizliyinə töhfəsi göstərir ki, Bakı regional təhlükəsizlik anlayışına yalnız hərbi-siyasi deyil, iqtisadi və humanitar ölçülərdən də yanaşır.

Avropa Siyasi Birliyinin dövlətlərin bərabərhüquqlu dialoquna əsaslanması Azərbaycanın öz milli maraqlarını vasitəçilərdən asılı olmadan Avropa liderlərinə birbaşa çatdırması baxımından əlavə üstünlük yaradır.

Bakı-2028: Azərbaycanın çoxtərəfli diplomatiyasında strateji mərhələ

Azərbaycanın 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə Toplantısına ev sahibliyi edəcək olması ölkənin beynəlxalq diplomatik mövqeyinin güclənməsinin mühüm nəticələrindən biridir.

Prezident İlham Əliyev mayın 4-də İrəvanda keçirilən 8-ci sammitə videobağlantı ilə qoşularaq Azərbaycanın 2028-ci ildə ev sahibliyi etmək təklifinin qəbul olunduğunu açıqlamışdı. Dövlət başçısı Ermənistanın da Azərbaycanın namizədliyini dəstəklədiyini bildirərək bunu regionda sülhün formalaşmasının göstəricisi kimi qiymətləndirmişdi.

Bakı sammitinin əhəmiyyəti yalnız nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi ilə məhdudlaşmır. Bu toplantı Azərbaycana Avropanın siyasi və təhlükəsizlik gündəliyinin müzakirəsində daha fəal rol oynamaq, yeni iqtisadi tərəfdaşlıqlar formalaşdırmaq və regional təşəbbüslərini yüksək səviyyədə təqdim etmək imkanı verəcək.

Azərbaycanın üstünlüklərindən biri də xarici siyasətinin yalnız Avropa istiqaməti ilə məhdudlaşmamasıdır. Mərkəzi Asiya dövlətləri, Türk Dövlətləri Təşkilatı, İslam dünyası və MDB məkanı ilə inkişaf edən münasibətlər Bakının müxtəlif geosiyasi və iqtisadi məkanlar arasında əlaqələndirici rolunu gücləndirir.

Bu çoxşaxəli diplomatiya Azərbaycanın beynəlxalq münasibətlərdə manevr imkanlarını genişləndirir, ölkənin ayrı-ayrı güc mərkəzlərindən asılılığını məhdudlaşdırır və milli maraqlar əsasında tərəfdaşlıq qurmasına şərait yaradır.

2028-ci ildə Avropa liderlərinin Bakıda toplaşması həm də Azərbaycanın son illərdə qazandığı beynəlxalq təşkilatçılıq təcrübəsinin və diplomatik imkanlarının növbəti nümayişi olacaq.

Dublin sammitinin əsas strateji nəticəsi Azərbaycanın Avropa ilə münasibətlərində yeni keyfiyyət mərhələsinə keçidin daha aydın görünməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və çoxvektorlu xarici siyasət Azərbaycanı enerji təhlükəsizliyi, Avrasiya nəqliyyat bağlantıları və Cənubi Qafqazda sülh prosesinin mühüm iştirakçısına çevirib. Bakı üçün başlıca üstünlük isə bu imkanların milli maraqların qorunmasına, iqtisadi potensialın gücləndirilməsinə və ölkənin beynəlxalq qərarvermə proseslərində siyasi çəkisinin artırılmasına xidmət etməsidir.