Вернуться назад Распечатать

Yazıçı Anar Tərcümə Mərkəzinin binasını və büdcəsini istəyir

 Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev ləğv olunmuş Tərcümə Mərkəzinin yerləşdiyi binanın yenidən mədəniyyət ocağı kimi istifadəyə verilməsi və quruma aid olmuş büdcənin AYB-yə ödənilməsini istəyib.

1xeber.media  Modern.az-a istinadlaxəbər verir ki, Anar bu müraciətlə Milli Məclisin Mədəniyyət komitəsinin keçirdiyi ictimai dinləmədə çıxış edib.

AYB sədri bildirib ki, Tərcümə Mərkəzinin fəaliyyəti dayandırıldıqdan sonra onun yerləşdiyi məkanın saxlanılmasında çətinliklər yaranıb və binada restoran fəaliyyətə başlayıb:

"Biz istəmirik ki, orada restoran olsun. İstəyirik ki, həmin məkanda mədəniyyət ocağı yaradılsın, kitabxanamızı ora köçürək, "Ədəbiyyat qəzeti"nin muzeyini yaradaq, tədbirlər, görüşlər keçirək".

O, Mədəniyyət komitəsinin sədrinə, deputatlara və parlament rəhbərliyinə müraciət edərək bu məsələdə yardım istəyib.

Anar Azərbaycan ədəbiyyatının dünya xalqlarının dillərinə tərcüməsinin və xaricdə təbliğinin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkə siyasi və iqtisadi gücü, ordusu ilə yanaşı, mədəniyyəti ilə də tanınmalıdır.

AYB sədri bildirib ki, xarici turistlərin Azərbaycan haqqında təəssüratları yalnız tarixi və turistik məkanlarla, milli mətbəxlə məhdudlaşmamalıdır:

"Xarici turistlər Bakıya gəlirlər, onlardan soruşanda nə danışırlar? İçərişəhərdə Qız Qalasını görürlər, lüləkababın, Şəki paxlavasının dadından danışırlar. Amma Azərbaycan bu deyil. Elə etməliyik ki, xarici turistlər muzeylərimizin qarşısında növbəyə dayansınlar, konsert salonlarımız dolsun, kitablarımız oxunsun".

Anar Azərbaycanın mədəniyyətinin Türkiyədə müəyyən qədər tanındığını, Rusiya və Avropa ölkələrində isə daha geniş təbliğinə ehtiyac olduğunu söyləyib.

O, vaxtilə Tərcümə Mərkəzinin kitabların tərcüməsi ilə məşğul olduğunu xatırladıb. Qurumun fəaliyyətində Aydın Məmmədov və Afaq Məsudun rolunu qeyd edən yazıçı bu işin davam etdirilməsi üçün maliyyə imkanlarının yaradılmasını vacib sayıb.

AYB sədrinin fikrincə, yalnız bədii əsərlərin deyil, Azərbaycan musiqisi, rəssamlığı və teatrı haqqında kitabların da xarici dillərdə nəşrinə ehtiyac var.

"Biz istəyirik ki, dünyada tanınaq. Bəs tərcümə olmadan bunu necə edəcəyik? Azərbaycan yazıçılarının əsərləri, mədəniyyətimiz, musiqimiz, rəssamlığımız, teatrımız haqqında kitablar tərcümə olunmalıdır. Biz bu işləri görməyə hazırıq", - deyə Anar bildirib.

O, mədəniyyət sahəsində peşəkarların rolunun artırılmasına da çağırıb:

"Həvəskarların yaradıcılığına hörmətlə yanaşılmalı, sənətin inkişafında isə peşəkarların rəyi və təcrübəsi əsas götürülməlidir".