Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələrinə enerji qiymətlərinin mümkün artımına qarşı genişmiqyaslı subsidiyalar tətbiq etməməyi tövsiyə edib. Fondun nümayəndəsi Roberto Kardarellinin sözlərinə görə, belə subsidiyalar inflyasiya təzyiqini artıra, mərkəzi bankların qiymət artımını cilovlamaq səylərini çətinləşdirə və dövlət borcunun yüksəlməsinə səbəb ola bilər.
BVF hesab edir ki, dövlət dəstəyi zəruri olduqda geniş əhali qruplarını deyil, daha çox qiymət artımından zərər çəkən aztəminatlı və həssas təbəqələri əhatə etməli, müvəqqəti və məqsədli xarakter daşımalıdır.
Bu tövsiyələr Azərbaycanda da aktual müzakirələrə səbəb ola bilər. Ölkədə elektrik enerjisi, təbii qaz və yanacaq qiymətlərinin əhali üçün əlçatan saxlanılmasında dövlət siyasətinin rolu nəzərə alınarsa, subsidiyaların həcminin və tətbiq mexanizminin dəyişdirilməsi hansı nəticələrə gətirib çıxara bilər? Bu, kommunal xidmətlərin və yanacağın bahalaşması riskini yaradırmı?
1xeber.media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, “E-qiymet” portalının rəhbəri Hüseyn Talıbov Musavat.com-a açıqlamasında bildirib ki, BVF-nin enerji subsidiyalarının genişmiqyaslı tətbiqindən çəkinmək və dövlət dəstəyini daha çox aztəminatlı əhali qruplarına yönəltmək tövsiyəsi iqtisadi baxımdan kifayət qədər əsaslı yanaşmadır: “Fikrimcə, bu məsələ Azərbaycan üçün də aktualdır. Çünki enerji subsidiyaları yalnız əhalinin sosial müdafiəsi deyil, eyni zamanda, dövlət büdcəsinin dayanıqlılığı, enerji sektorunun maliyyə vəziyyəti və ümumi iqtisadi səmərəlilik məsələsidir.
Azərbaycan enerji resursları ilə zəngin ölkə olsa da, elektrik enerjisi, təbii qaz və yanacağın əhali üçün əlçatan qiymətlərlə təmin edilməsinin müəyyən iqtisadi xərcləri var. Subsidiyalar həmin xərcləri aradan qaldırmır, sadəcə, onların maliyyələşdirilməsini dövlət büdcəsi və digər mexanizmlər üzərinə keçirir. Uzun müddət genişmiqyaslı subsidiyalaşdırma büdcə yükünü artıra, enerji sektorunun modernləşdirilməsi üçün investisiya imkanlarını məhdudlaşdıra və qənaətli istehlak motivasiyasını zəiflədə bilər”.
Onun sözlərinə görə, subsidiyaların optimallaşdırılmasını birbaşa qiymət artımı kimi təqdim etmək də düzgün deyil: “Bu iki məsələ arasında əlaqə olsa da, eyni iqtisadi qərar deyil. Subsidiyaların mexanizminin dəyişdirilməsi avtomatik olaraq kommunal xidmətlərin və yanacağın bahalaşması anlamına gəlmir. Bununla belə, dövlətin enerji sektoruna maliyyə dəstəyinin azalması gələcəkdə tariflərə müəyyən təzyiq yarada bilər. Burada əsas risk enerji qiymətlərinin digər sahələrə ötürülmə effektidir. Elektrik enerjisi, qaz və yanacağın bahalaşması istehsal, nəqliyyat və logistika xərclərini artıraraq ərzaqdan tutmuş, sənaye məhsullarına qədər geniş çeşiddə mal və xidmətlərin qiymətinə təsir göstərə bilər. Bu isə inflyasiyanın əlavə sürətlənməsi və əhalinin real gəlirlərinin azalması riskini yaradır.
Hesab edirəm ki, Azərbaycan üçün ən optimal model subsidiyaların birdən-birə azaldılması deyil, onların mərhələli şəkildə daha məqsədli mexanizmə keçirilməsidir. Aztəminatlı ailələr, pensiyaçılar və digər həssas qruplar üçün sosial dəstək qorunmalı, minimum zəruri enerji istehlakı əlçatan tariflərlə təmin edilməlidir. Daha yüksək istehlak səviyyələri üzrə isə diferensiallaşdırılmış yanaşma tətbiq oluna bilər”.
Hüseyn Talıbova görə, digər vacib məsələ enerji sektorunda səmərəliliyin artırılmasıdır: “Tariflərə yenidən baxılmasından əvvəl texniki itkilərin azaldılması, idarəetmə xərclərinin optimallaşdırılması və infrastrukturun modernləşdirilməsi imkanları qiymətləndirilməlidir. Çünki sektor daxilində səmərəlilik ehtiyatlarından istifadə edilmədən bütün əlavə xərclərin istehlakçının üzərinə yönəldilməsi düzgün yanaşma olmaz. Azərbaycanın enerji siyasətində əsas məqsəd ucuz enerji təminatını hər vasitə ilə qorumaq deyil, enerji resurslarının iqtisadi dəyəri ilə əhalinin sosial müdafiəsi arasında dayanıqlı balans yaratmaq olmalıdır. Dövlət subsidiyaları həqiqətən ehtiyacı olan insanlara yönəldildikdə həm büdcə vəsaitlərindən daha səmərəli istifadə edilir, həm də sosial ədalət prinsipi güclənir. Əsas məsələ bu keçidin vətəndaşların alıcılıq qabiliyyətinə zərər vurmadan mərhələli və şəffaf şəkildə həyata keçirilməsidir”.