Вернуться назад Распечатать

Polşa Ukrayna üçün NATO xətti ilə silah alışını maliyyələşdirməkdən imtina edib

Polşa Ukrayna üçün NATO xətti ilə həyata keçirilən silah alışlarının maliyyələşdirilməsini dayandırmaq qərarına gəlib.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk mətbuat konfransında açıqlama verib. Tədbir TVP Info telekanalı tərəfindən canlı yayımlanıb.

Baş nazir bildirib ki, Varşava NATO-nun PURL (Priority Ukraine Requirements List) proqramına maliyyə ayırmalarını dayandıracaq. Həmin proqram çərçivəsində Avropa ölkələrinin vəsaiti hesabına Ukrayna üçün ABŞ istehsalı olan silahlar alınır.

Tuskun sözlərinə görə, o, bu qərar barədə NATO-nun Baş katibi Mark Rütteni artıq məlumatlandırıb.

Polşa hökuməti qərarın əsas səbəbləri kimi dövlət büdcəsindəki yüksək kəsiri və ölkənin öz müdafiə qabiliyyətinin gücləndirilməsi üçün artan daxili xərcləri göstərir.

Qeyd edək ki, bundan əvvəl İtaliyanın da özünün sursat ehtiyatlarının tükənməsi səbəbindən Ukraynaya hərbi yardımı dayandıra biləcəyi barədə məlumat yayılmışdı.