1xeber.media xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ın Rusiya prezidenti Vladimir Putindən İranla birbaşa danışıqların təşkili üçün vasitəçilik etməsini xahiş etdiyini açıqlayıb.
Qalibafın sözlərinə görə, amerikalı nümayəndələr Moskvaya səfərləri zamanı Putinlə görüşərək ondan Tehrana müraciət etməsini və İranı ABŞ-la birbaşa danışıqlara razı salmağa kömək göstərməsini istəyiblər.
İran parlamentinin sədri Moskva ilə Tehran arasında yaxın strateji münasibətlərin olduğunu vurğulayıb və Rusiyanı İranın dostu adlandırıb.
Bundan əvvəl Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Moskvanın İranla bağlı münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bildirmişdi.
ABŞ prezidenti Donald Tramp isə İranla münaqişəni hərbi yolla dərhal başa çatdıra biləcəyini, lakin Səudiyyə Ərəbistanının xahişi ilə daha ehtiyatlı davrandığını söyləyib.
ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirir və hərbi əməliyyatların yenidən başlanmasını zəruri hesab etmir.