1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə və Çin lideri Si Cinpinlə görüş zamanı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirəyə çıxarmayacağı bildirilib.
Bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Amerikalı rəsminin sözlərinə görə, Vaşinqton son dövrlərdə Rusiya nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. Çin isə bu prosesin iştirakçısı olmadığı üçün Ukrayna məsələsinin üçtərəfli görüşdə müzakirəsi məqsədəuyğun hesab edilmir.
Mənbə bildirib ki, üç liderin görüşündə əsas müzakirə mövzusu nüvə silahlarının azaldılması olacaq. Bununla belə, ABŞ tərəfi danışıqlar nəticəsində hər hansı razılaşmanın əldə olunacağını gözləmir.
Amerikalı rəsmi Çinin də nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara qoşulmasının vaxtının çatdığını vurğulayıb.
Qeyd edək ki, Kremlin sözçüləri Putin, Tramp və Si Cinpin arasında belə bir üçtərəfli görüşün keçiriləcəyini hələlik təsdiqləməyiblər.