Вернуться назад Распечатать

Paşinyan: Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla sülhə yaxındır

1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə münasibətlərin tam normallaşdırılması və Azərbaycanla davamlı sülhün əldə olunması istiqamətində tarixi fürsətlə üzləşdiyini bildirib.

Paşinyan bu barədə Dublində çıxışı zamanı danışıb.

Ermənistan hökumətinin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki gün əvvəl keçirdiyi görüşü müsbət qiymətləndirib. Onun sözlərinə görə, Türkiyə Ermənistanla idxal və ixrac əməliyyatlarının həyata keçirilməsi üçün Gürcüstan ərazisindən keçən yolları açıb.

Paşinyan yaxın gələcəkdə Ankara ilə İrəvan arasında münasibətlərin tam normallaşacağına ümid etdiyini bildirib.

Azərbaycanla münasibətlərə toxunan Ermənistanın baş naziri Prezident İlham Əliyevlə görüşündən sonra uzunmüddətli sülhün əldə olunması üçün real imkanın yarandığını düşündüyünü qeyd edib.

“Hazırda yekun, davamlı və etibarlı sülhə nail olmaq üçün real tarixi imkanımız var. Bu fürsətdən istifadə etməmək bağışlanmaz olardı. Tarixi şansdan yararlanmaq mənim və hökumətimizin missiyasıdır”, – deyə Paşinyan vurğulayıb.