
KÜR-1 XƏTTİNDƏ QƏZA: MƏSƏLƏYƏ EMOSİYA İLƏ DEYİL, FAKTLARLA YANAŞMAQ LAZIMDIR
1xeber.media xəbər verir ki, Kür-1 magistral su xəttində baş vermiş qəza nəticəsində Bakının bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər yaranıb. Təəssüf ki, bəzi şəxslər yaranmış vəziyyətdən istifadə edərək hadisəni ADSEA-nın məsuliyyətsizliyi kimi təqdim etməyə, ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa çalışırlar.
İlk növbədə, nəzərə almaq lazımdır ki, söhbət 1960-cı illərdə istismara verilmiş, onilliklər ərzində xidmət göstərmiş və artıq istismar müddətini başa vurmuş magistral su xəttindən gedir. Belə infrastrukturda qəza risklərinin yaranması istisna deyil. Bu, su təsərrüfatı sisteminin tarixi istismar xüsusiyyətləri ilə bağlı texniki reallıqdır və hər bir belə hadisəni avtomatik olaraq məsuliyyətsizlik kimi qiymətləndirmək nə obyektivliyə, nə də sağlam yanaşmaya uyğundur.
Əsas məsələ qəzanın baş verməsi deyil, onun aradan qaldırılması istiqamətində görülən işlərdir. ADSEA-nın mütəxəssisləri və aidiyyəti qurumların əməkdaşları artıq iki gündür ki, mürəkkəb şəraitdə, böyük fiziki və texniki çətinliklərə baxmayaraq, qəzanın nəticələrinin aradan qaldırılması və su təchizatının bərpası üçün fədakarlıqla çalışırlar.
Bu insanlar gecə-gündüz, istirahət etmədən, minlərlə insanın su təminatının mümkün qədər tez bərpası üçün əmək sərf edirlər. Onların zəhmətini görməzdən gələrək hadisəni ucuz ittiham və manipulyasiya predmetinə çevirmək isə ən azı ədalətsizlikdir.
İctimai tənqid hər zaman mümkündür və zəruridir. Lakin tənqid faktlara, obyektiv qiymətləndirməyə və məsuliyyətli mövqeyə əsaslanmalıdır. Köhnəlmiş infrastrukturda baş verən texniki qəzanı fədakarlıqla aradan qaldırmağa çalışan insanların əməyini hədəfə çevirmək nə problemi həll edir, nə də cəmiyyətə fayda verir.
Bu gün əsas gözlənti ittiham deyil, problemin operativ həllinə dəstək və gecə-gündüz çalışan insanların əməyinə hörmətdir.
Əldə olunan məlumata görə, perspektivdə Kür-1 magistral su xəttinin yenilənməsi də nəzərdə tutulur ki, bu da paytaxtın su təchizatı infrastrukturunun etibarlılığının artırılmasına və gələcəkdə analoji risklərin minimuma endirilməsinə xidmət edəcək.