Вернуться назад Распечатать

Macarıstanda meşədə milyonlarla dollar və avro tapılıb

Macarıstanda korrupsiya işi üzrə aparılan istintaq zamanı müxtəlif gizli yerlərdən milyonlarla dollar və avro aşkarlanıb. Lakin hüquq-mühafizə orqanları pulların kimə məxsus olduğunu hələlik müəyyən edə bilməyib.

1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın Aktivlərin Geri Qaytarılması və Qorunması üzrə Milli İdarəsinin (NVVH) rəhbəri Anna Unger RTL telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, pullar keçmiş milli inkişaf naziri Mikloş Şestakla bağlı cinayət işinin istintaqı çərçivəsində müsadirə edilib. Lakin əskinasların üzərində sahibini müəyyənləşdirməyə imkan verən hər hansı əlamət yoxdur.

İstintaq zamanı ölkənin müxtəlif bölgələrində meşələrdə, təsərrüfat tikililərində, anbarlarda və yaşayış evlərində gizlədilmiş 1,2 milyon dollar, 2,6 milyon avrodan çox və 5 milyard forint (təxminən 13,7 milyon avro) nağd pul aşkarlanıb. Pulların bir hissəsi hətta quş yemliyi içərisində gizlədilib.

Macarıstanın Baş naziri Peter Madyar vəsaitlərin keçmiş hökumət üzvü Şestaka məxsus olduğunu iddia etsə də, bu məlumat rəsmi təsdiqini tapmayıb.

Keçmiş Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi müxalif FİDES partiyası isə Madyardan iddiasını sübut etməyi və ya istefa verməyi tələb edib.

Qeyd edək ki, Şestak dövlət sifarişlərinin bölüşdürülməsi də daxil olmaqla, yeddi epizod üzrə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.