Вернуться назад Распечатать

Husilər Yəmənin müvəqqəti paytaxtına doğru irəliləyirlər

Yəmən husiləri Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin müvəqqəti qərargahı olan Ədən istiqamətində fəal şəkildə irəliləyirlər.

1xeber.media xəbər verir ki, məlumatı ərəb mediası yayıb. Bildirilir ki, husi qüvvələri artıq şəhərdən təxminən 50 kilometr məsafədədir. Bu arada, hökumət qüvvələri şəhəri müdafiə etmək üçün Yəmənin digər bölgələrindən tələsik şəkildə əlavə qüvvələr gətirir.

Əl-Cəzirə-nin məlumatına görə, Yəmən hökuməti ölkənin cənubundakı müvəqqəti paytaxt Ədən şəhərini hücumlardan qorumaq üçün Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərdən qoşunlarını yenidən yerləşdirəcəyini açıqlayıb.

Husilər isə hökumət qüvvələrinin geri çəkildiyi Qırmızı dəniz sahili boyunca bütün ərazilərə nəzarəti ələ keçirdiklərini təsdiqləyirlər.

Qeyd edək ki, husi hərbi birlikləri bilavasitə İran tərəfindən dəstəklənir, Tehrandan idarə olunur. Onların Qırmızı dənizdən Aralıq dənizinə keçiddə mühüm əhəmiyyətə malik Bab-əl Məndəb boğazını tam nəzarətə götürməsi dünya ticarətinin, xüsusilə də Səudiyyə Ərəbistanının neft ixracının İrandan asılı vəziyyətə düşməsi deməkdir.