İsveç Avropa Komissiyasını (AK) dondurulmuş Rusiya aktivlərindən necə istifadə edilə biləcəyinə dair konkret təkliflər hazırlamağa çağırıb.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mariya Malmer Stenerqard bildirib.
Nazirin çıxışı İsveç hökumətinin rəsmi internet saytında dərc olunub.
Stenerqardın sözlərinə görə, Avropanın əsas vəzifəsi Ukraynaya qış mövsümünü keçirməkdə kömək göstərməklə yanaşı, ölkənin uzunmüddətli maliyyə ehtiyaclarının qarşılanması yollarını müəyyənləşdirməkdir.
"Bizim əsas vəzifəmiz Ukraynaya qışı adlamaqda kömək etmək, eyni zamanda onun uzunmüddətli maliyyə ehtiyacları üçün həll yolları tapmaqdır. Buna görə də Avropa Komissiyasını dondurulmuş Rusiya aktivlərindən necə istifadə edə biləcəyimizə dair təkliflər təqdim etməyə çağırıram", – deyə o bildirib.
İsveç XİN rəhbəri həmçinin Avropa ölkələrini Kiyevə dəstəyi gücləndirməyə və Moskvaya qarşı təzyiqləri artırmağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski Rusiya aktivlərinin qanunsuz müsadirə ediləcəyi təqdirdə Moskvanın sərt cavab verəcəyini açıqlamışdı.
Diplomat bildirib ki, Rusiya daha böyük həcmdə aktivlərin müsadirə olunması ehtimalına qarşı əlavə tədbirlər hazırlayıb. Onun sözlərinə görə, Moskvanın cavab addımları beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipinə əsaslanacaq.