Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı təklifini şərh edərək alyansa 1997-ci il sərhədlərinə qayıtmaq tələbini xatırladıb.
1xeber.media xəbər verir ki, bu barədə deputatın açıqlamasına istinadən “Gazeta.ru” məlumat yayıb.
Juravlyov bildirib ki, NATO-nun genişlənməsi məsələsində Moskvanın mövqeyi dəyişməyib və bu məsələdə kompromis mümkün deyil.
Deputatın sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın qəbul etmədiyi məsələlərdən biridir. O, Qərb ölkələrinin də Ukraynanın alyansa üzvlüyü perspektivinə fərqli yanaşdığını iddia edib.
Juravlyov həmçinin Avropa liderlərinin Rusiya ilə Ukrayna arasındakı qarşıdurmaya böyük siyasi resurslar sərf etdiklərini və buna görə də münaqişənin dayandırılmasında maraqlı olmadıqlarını bildirib.
Qeyd edək ki, Rusiya daha əvvəl NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edib. Bu tələb alyansın həmin tarixdən sonra genişlənmiş üzvlük və hərbi mövcudluq məsələlərinə aiddir.