Вернуться назад Распечатать

GTA VI Britaniyada internet şəbəkələrini iflic etdi

GTA VI-nın öncədən yüklənməsi Britaniyada internet şəbəkələrini çökdürdü

“GTA VI” oyununun kütləvi öncədən yüklənməsi Böyük Britaniyada bir neçə internet provayderinin şəbəkəsində ciddi yüklənməyə səbəb olub.

1xeber.media xəbər verir ki, bu barədə “Shazoo” nəşri “YouFibre” şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, “YouFibre” yüksək yüklənmə tələbatı səbəbindən şəbəkənin ötürücülük qabiliyyətində problemlər yarandığını və abonentlərin internet sürətinin azaldığını müştərilərinə göndərdiyi məktubda etiraf edib.

Problemdən ən çox Yorkşir bölgəsi zərər çəkib. Genişzolaqlı internet şəbəkəsinin əsas şəbəkəyə qoşulmadan əvvəl trafikin ötürüldüyü keçid məntəqələrindən birində yüklənmə qeydə alınıb.

“YouFibre” şirkətinin rəhbəri Ceremi Şelo “X” sosial şəbəkəsində trafikin yenidən bölüşdürüldüyünü bildirib və istifadəçilərdən səbirli olmalarını xahiş edib.

Digər internet provayderi “Virgin Media” da rekord trafik artımı qeydə alındığını açıqlayıb. Noyabrın 10-da gecə saat 00:00-dan 01:00-dək internet trafiki əvvəlki həftənin eyni dövrü ilə müqayisədə 51,6 faiz artıb.

Həmin gün saat 09:00-a qədər yüklənmiş məlumatların ümumi həcmi ötən həftənin göstəricisini 73,3 faiz üstələyib. Günlük ümumi trafik isə noyabrın 1-də “Fortnite” oyununun mini mövsümünün təqdimatı zamanı qeydə alınmış əvvəlki rekordu yeniləyib.

Qeyd edək ki, “GTA VI” oyununun öncədən yüklənməsi üçün tələb olunan faylların həcmi təxminən 212 GB təşkil edir. Oyunun 19 noyabr 2026-cı ildə PlayStation 5 və Xbox Series X|S platformaları üçün yalnız rəqəmsal formatda satışa çıxarılması planlaşdırılır. PC versiyası isə hələlik elan edilməyib.