1xeber.media xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın təhlükəsizlik sahəsində irəli sürdüyü tələbləri yenidən tənqid edib.
O, Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində çıxışında Moskvanın hələ 2021-ci ildə irəli sürdüyü tələbləri xatırladaraq, hazırda Rusiyanın həmin tələbləri daha da genişləndirdiyini bildirib. Bu barədə “Clash Report” məlumat yayıb.
“İndi onlar eyni tələbləri irəli sürür və üzərinə daha çoxunu əlavə edirlər”, – deyə Kallas bildirib.
Aİ-nin ali nümayəndəsi Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlarda Rusiyanın da müəyyən güzəştlərə getməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa mümkün sülh sazişinin şərtlərinə diqqət yetirməli və Moskvanın tələblərinə cavab hazırlamalıdır.
Qeyd edək ki, Kallas daha əvvəl Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı aparılan danışıqlara təsir göstərmək istədiyini bildirmişdi. O, Avropa İttifaqının danışıqlar qrupuna daxil edilməməsinə baxmayaraq, prosesdə iştirak etmək niyyətində olduğunu ifadə edib.
Kallas həmçinin Avropanın təhlükəsizlik arxitekturası məsələsinin Rusiya ilə müzakirə edilməsinin əleyhinə olduğunu açıqlayıb.